Hansını seçək: təbii qida məhsullarını, yoxsa GMO-ları?

Trend Qida Təhlükəsizliyi Agentliyinin genetik modifikasiya olunmuş orqanizmlər haqqında hazırladığı maarifləndirici araşdırma yazını təqdim edir:

Genetik seleksiya nəticəsində yeni heyvan cinsləri və bitki sortları yaradılır, həmçinin mövcud orqanizmlərin kənd təsərrüfatı baxımından vacib əlamətlərinin inkişaf etdirilməsi həyata keçirilir. Yer üzərində ilk insanların yarandığı dövrlərdən etibarən genetik seleksiya və ya süni seçmə aparılmağa başlanılmışdır.1 Belə ki, insanlar yabanı bitkiləri becərməklə və vəhşi heyvanları əhliləşdirməklə kortəbii şəkildə olsa da, seleksiya ilə məşğul olmuşdurlar. Sonradan insanlar məqsədyönlü şəkildə seleksiya apararaq faydalı canlıların lazımi xüsusiyyətlərini inkişaf etdirmişdirlər.1,2,3

Seleksiya nəticəsində insanlar tərəfindən istehlak edilən bitki sortları (məs., gül kələmi, Brüssel kələmi, quru kələm, qarğıdalı) və heyvan cinsləri (məs., çox süd verən inək və qoyun cinsləri) yaradılmışdır. Qida təhlükəsizliyi baxımından bu cür orqanizmlərin insanlar tərəfindən yeyilməsi tam təhlükəsizdir.3,4 Bununla belə, seleksiya nəticəsində əldə edilən orqanizmlərin saxlanılması və becərilməsinin iqtisadi cəhətdən sərfəli olmaması, qeyri-məhsuldarlığı, habelə ətraf mühit amillərinə və zərərvericilərə qarşı həssas olması onlardan əldə ediləcək məhsulun miqdarına öz mənfi təsirini göstərir. Həmçinin dünyada əhalinin sayının artması qida çatışmazlığına səbəb olan ən vacib amillərdəndir.1,2

Bundan başqa, genetik seleksiya zamanı heyvan cinsləri və bitki sortlarında istədiyimiz əlamətin seçilməsi 10-15 il vaxt tələb edir ki, bu da zaman baxımından heç də az deyil və qida istehsalında müəyyən problemlərin yaranmasına səbəb ola bilər.1

Bütün bunları nəzərə alaraq, alimlər müxtəlif genetik və biotexnoloji metodların hesabına yüksək məhsuldarlığa malik, xüsusilə ətraf mühit amillərinə və zərərvericilərə qarşı davamlı orqanizmlər yaratmağı qarşılarına məqsəd qoyublar.

Genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) yaradılması və kütləvi istehsalına XX əsrin 70-ci illərindən başlanılmış və günümüzə qədər davam edir.

GMO mənşəli orqanizmlər dedikdə, genetik mühəndisliyin metodları vasitəsilə canlının genetik materialında (genlərində) aparılmış dəyişikliklər başa düşülür. Hazırda GMO mənşəli orqanizmlərdən qida və dərman istehsalında, habelə elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Həmin orqanizmlərin genlərində edilmiş dəyişikliklər növbəti nəsillərə ötürülərək lazım olan xüsusiyyətlərin formalaşmasına səbəb olur.

GMO mənşəli qidalar dedikdə, genetik modifikasiya olunmuş mikrooqranizimlər, bitkilər və heyvanlardan əldə edilmiş məhsullar başa düşülür.

GMO mənşəli orqanizmlərin formalaşdırılmasına təkan verən amil 1954-cü ildə Vatson və Krik tərəfindən ikizəncirli dezoksiribonuklein turşusunun (DNT) kəşfi ilə əlaqədardır.1,6

Molekulyar biologiya elmi inkişaf etdikcə, canlıların genetik materialının, yəni DNT-sinin öyrənilməsi də geniş vüsət almışdır. Rekombinant DNT texnologiyasının, yəni laboratoriya şəraitində canlı orqanizmlərin DNT-sinin ardıcıllığında dəyişikliklər etmək metodunun inkişafı GMO-ların yaradılmasına səbəb olmuşdur.1,2,3

1973-cü ildə Herbert Boyer və Stanley Cohen ilk dəfə olaraq, antibiotikə davamlı genetik modifikasiya olunmuş bakteriya yarada bilmişlər. Bundan sonra, 1983-cü ildə ətraf mühit amillərinə davamlı tütün bitkisi yaradılmış və Çində bu bitkidən hazırlanan məhsulun satışı həyata keçirilmişdir.

İlk dəfə ABŞ-da Qida və Dərman İdarəsi (FDA) tərəfindən GMO olan pomidorun marketlərdə şatışına icazə verilmişdir. Daha sonra bitkilərin zərərvericilərə qarşı mühafizəsini təşkil etmək üçün istifadə edilən pestisidlərə qarşı dözümlü pambıq, soya, qarğıdalı və şəkər çuğunduru GMO-ları yaradılmışdır. Bu tip bitkilər onların genetik materialına virus, bakteriya, əqrəb, həşərat və s. kimi orqanizmlərin genlərinin müəyyən hissələrinin köçürülməsi hesabına yaradılmışdır. Bütün bunlar GMO mənşəli qidaların sürətlə dünya bazarında artmasına təkan vermişdir və hazırda, demək olar ki, əksər böyük dövlətlərdə onların satışı problemsiz həyata keçirilir.4,5,6

Dünya əhalisinin sürətlə artması və kənd təsərrüfatında heyvan mənşəli yemlərə artan tələbat tez bir zamanda daha yüksək məhsul verən və zülal ilə zəngin olan qidalara olan tələbatı da artırmışdır.

Birləşmiş Millətlər Təşkilatının (UNO) məlumatına əsasən, hazırda dünyada təxminən 7,6 milyard insan yaşayır və onların sayının 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard olacağı təxmin edilir. Həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozuna əsasən, adambaşına düşən qida istehsalı üçün əlverişli torpaqların miqdarı 2050-ci ilə qədər 0,242 hektardan 0,18 hektara qədər azalacaq.

Əhalinin sayının sürətlə artması nəticəsində yaranan qida çatışmazlığının qarşısını almaq məqsədi ilə GMO-lu qidaların kütləvi istehsalı həyata keçirilir.

Qeyd etmək lazımdır ki, GMO mənşəli qidaların qida təhlükəsizliyi baxımından insan sağlamlığına təsiri daim müzakirə mövzusu olmuşdur. Dünyada GMO-lu qidaların istehsalına tələbatın artmasına əhali sayının artması və münbit torpaqların az olmasından əlavə, bir sıra digər amillər, o cümlədən bioyanacaq və xammal istehsalına artan tələbat, sürətlənmiş şəhərləşmə, münbit torpaqların çölləşməsi, şoranlaşma və erroziyası, qlobal iqlim dəyişikliyi və su ehtiyatlarının azalması da təsir edir.1,7

Adətən, GMO mənşəli orqanizmlər iki genetik metod vasitəsilə yaradılır: birbaşa DNT-sində dəyişikliyin aparılması, yəni hər hansı genetik fraqmentin daxil edilməsi və bakteriyada aparılmış dəyişikliyin orqanizmə daxil edilməsi. Hazırda birbaşa dəyişiklik vasitəsilə yaradılmış GMO məhsullarına alma, soya, qarğıdalı, pambıq, badımcan, kartof, lobya, yemiş, ərik, düyü, şəkər çuğunduru, şəkər qamışı, şirin bibər, buğda və pomidor daxildir. Sadalanan GMO-lu qida məhsullarının market və bazarlarda satışıa ABŞ Kənd Təsərrüfatı İdarəsi (USDA) tərəfindən 2015-ci ildə razılıq verilmişdir.1,7,8

Bu cür GMO mənşəli bitki məhsullarının satışı və istifadəsinə Çin, Cənubi Afrika, Avstraliya, Kanada və s. kimi ölkələrdə də icazə verilir. Avropada GMO mənşəli bitkilərin dövriyyəsinə çox ciddi nəzarət edilir, yalnız GMO-lu raps, pambıq, soya, qarğıdalı və şəkər çuğundurunun satışına və istifadəsinə icazə verilir.

Bakteriyada aparılmış dəyişikliyin orqanizmə daxil edilməsi metodundan Agrobacterium adlı bakteriyadan müxtəlif növ GMO mənşəli paxlalı bitkilərin yaradılmasında istifadə edilir.

GMO-lu heyvanlardan, əsasən, tibb sahəsində müəyyən xəstəliklərin müalicəsi zamanı istifadəsi nəzərdə tutulsa da, Cənubi Koreya alimləri tərəfində yaradılmış yeni balıq növünü, Çin və Yeni Zelandiya alimləri tərəfindən yaradılmış inəklərdən əldə edilən südü insanlar istehlak edirlər.

GMO mənşəli heyvan qidalarının geniş istifadə edilməməsi alimlərin müəyyən araşdırmalar nəticəsində bu tip qidaların insan sağlamlığına ciddi ziyan vurması qənaətinə gəlməsi ilə bağlıdır.1

Elm inkişaf etdikcə, GMO-ların yaradılmasında yeni genetik metodların tətbiqinə də əlverişli şərait yaranır. Belə ki, 2012-ci ildə CRISPR – Cas9 adlı yeni genetik metod vasitəsilə bitki və heyvan mənşəli orqanizmlərin genetik materialında dəyişikliklər və hətta əlavələr edilməyə başlanılmışdır.1,6

GMO mənşəli məhsulların məhsuldar və iqtisadi baxımdan sərfəli olmasına baxmayaraq, onların insan sağlamlığına və ekosistemə xeyiri və ya vura biləcəkləri potensial ziyanı elmi tədqiqat müəssisələri tərəfindən hələ də tədqiq edildiyindən, bu cür məhsulların təhlükəsizlik aspektləri sual altındadır. Genetik seleksiya yolu ilə seçilmiş bitki və heyvanlardan, yəni heç bir gen mühəndisliyinin və biotexnoloji metodların manupuliyasiyasına uğramamış orqanizmlərdən hazırlanmış qidaların isə tam təhlükəsiz olması insan sağlamlığı baxımından önəmli yer tutur.

İstinadlar:

– Zhang C, Wohlhueter R, Zhang H. Genetically modified foods: A critical review of their promise and problems. Food Science and Human Wellness. 3(5) (2016), pp.116-23
– V. Sanchis From microbial sprays to insect-resistant transgenic plants: history of the biopesticide Bacillus thuringiensis. A review Agron. Sustain. Dev., 31 (1) (2011), pp. 217-231
– A.A. Snow, P.M. Palma Commercialization of transgenic plants: potential ecological risks Bioscience, 47 (2) (1997), pp. 86-96
– M.G. Schafer, A.A. Ross, J.P. Londo, C.A. Burdick, E.H. Lee, S.E. Travers, P.K. Van de Water, C.L. Sagers The establishment of genetically engineered canola populations in the US PLoS ONE, 6 (10) (2011)
– A. Nicolia, A. Manzo, F. Veronesi, D. Rosellini An overview of the last 10 years of genetically engineered crop safety research Crit. Rev. Biotechnol., 34 (1) (2014), pp. 77-88
– J.V. Oakes, C.K. Shewmaker, D.M. Stalker Production of cyclodextrins, a novel carbohydrate, in the tubers of transgenic potato plants Biotechnology, 9 (10) (1991), pp. 982-986
– A. Rizzi, N. Raddadi, C. Sorlini, L. Nordgrd, K.M. Nielsen, D. Daffonchio The stability and degradation of dietary DNA in the gastrointestinal tract of mammals: implications for horizontal gene transfer and the biosafety of GMOs Crit. Rev. Food Sci. Nutr., 52 (2) (2012), pp. 142-161
– G. Brookes, P. Barfoot Economic impact of GM crops: the global income and production effects 1996–2012 GM Crops Food, 5 (1) (2014), pp. 65-75

 

Trend