Hamiləlik dövründə stress anaya da, körpəyə də mənfi təsir edir
Bakı, 15 sentyabr, AZƏRTAC
Hamilə qadının stress keçirməsi gələcək körpəsinin orqanizminə, zehni fəaliyyətinə təsir göstərir. Ana stress keçirən zaman plazmada kortizol, adrenalin kimi stress hormonlarının səviyyəsi artır.
Bu səbəbdən uşaqda immun hüceyrələrin yaranması prosesi zəifləyir. Stress immun sistemi ilə yanaşı körpənin beyninin inkişafına da öz təsirini göstərir.
AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, hamiləlik dövründə stress anaya, körpəyə mənfi təsir edir və erkən doğuma səbəb ola bilər. Buna görə də hamilə qadının yaxın ətrafı bu müddət ərzində ona mənəvi dəstək olmalıdır.
Hamiləlik zamanı ağır stress keçirən anaların uşaqlarında gələcəkdə diqqət dağınıqlığı, hiperaktivlik, depressiya kimi psixoloji problemlərə rast gəlinir.
Ananın səsi bətnindəki körpənin ən çox vərdiş etdiyi səsdir. Səsdə narahatlıq, təşviş, həyəcan hiss olunarsa, bu ilk növbədə körpəyə təsir edir.
Bu vəziyyətdə hamilə qadının ətrafında olan insanlar onu hər cür ruhlandırmalı, stress və həyəcandan qorumalı, ona qarşı mehriban, nəvazişli olmalıdır. Bu hamiləliyin gedişatı və gələcək körpənin sağlamlığı üçün olduqca vacibdir.