Günəşin mənfi təsirlərindən qorunmaq üçün yayda dəriyə qulluq vacibdir
Bakı, 27 may, AZƏRTAC
Günəş şüaları, isti hava, tez-tez tərləmə kimi dəriyə birbaşa təsir edən amillər səbəbindən yay mövsümü dəri sağlamlığı və dəriyə qulluq baxımından çox diqqət edilməsi lazım olan dövrdür. Ultrabənövşəyi günəş şüaları dəridə yanıqlar, allergiya, çil və ləkələr, dəri xərçəngi yarada bilər. Bütün bu mənfi təsirlərdən qorunmaq üçün yayda dəriyə qulluq vacib amildir. Günəşin zərərli təsirlərindən qorunmaq üçün sadəcə kölgədə qalmaq yetərli deyil. Xüsusilə, saat 11:00-16:00-a qədər günəşdə qalmaq olmaz.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, dəri xarici mühitin istiliyi artdıqca tərləyərək bədən temperaturunun yüksəlməsinin qarşısını alır. Lakin vacib tədbirlər görülməzsə, tərləmə ilə bağlı dəridə səpgi yarana bilər. Tərli və nəmli qalan dəridə göbələk infeksiyalarına meyllilik artır. İstinin dəri üzərindəki bu təsirindən qorunmaq üçün tez-tez duş qəbul edilməli və geyimlər gün ərzində dəyişdirilməlidir. Təri özünə çəkən, qurumasına imkan yaradan məsaməli, pambıq və ya kətan kimi təbii parçalardan hazırlanmış, açıq rəngdə geyimlərə üstünlük vermək tərin mənfi təsirlərinin qarşısını alır. Tərləməni azaldan kosmetik vasitələr də istifadə oluna bilər.
Dəridə quruluq hissindən qoruna bilmək üçün hamamda nəmləndirici tərkibli duş gellərinə üstünlük verilməlidir. Duşdan sonra bədən losyonları istifadə edərək lazımi nəmlilik əldə olunur.
Yayda dəridə müşahidə edilən tünd rəngli ləkələr dəriyə rəng verən “melanosit” adlı hüceyrələrin isti səbəbindən sayının və ya rəng maddəsi ifrazının artması nəticəsində əmələ gəlir. Günəş ləkələrinin müalicəsi günümüzdə müasir cihazlarla aparıla bilir, lakin bu ləkələr yaranmadan qarşısının alınması dəri sağlamlığı üçün daha əhəmiyyətlidir.
Yay aylarının hovuzda istifadə olunan dezinfeksiyaedici maddələr həssas dərili insanlarda ekzema xəstəliyi yaradır. Təmiz olmayan dəniz və hovuz suyundan, hovuz ətrafındakı nəm mühitdən müxtəlif bakterial və göbələk infeksiyalarına yoluxma riski yüksəkdir. Bu səbəblə də hovuz ətrafında çılpaq ayaqla gəzməyə, şəxsi əşyalardan istifadəyə diqqət göstərmək vacibdir. Dəniz və hovuzdan sonra duş qəbul edib, yaxşıca qurulanmaq və ardınca da bədənə nəmləndirici losyon çəkmək dəri sağlamlığı üçün önəmlidir.
Yayda küçəyə çıxmadan 20 dəqiqə əvvəl üzünüzə və bədənin görünən yerlərinə günəşdən qoruyucu vasitələr çəkilməli, günəşdən qoruyucu məhsulların seçimi üçün mütləq dermatoloqdan məsləhət alınmalıdır.