Göz sağlamlığımıza təhlükə yaradan simptomlar
Bakı, 18 aprel, AZƏRTAC
Gözdə sancma hissi, quru göz, uveit, göz qapağının şişməsi bəzi xəstəliklərin əlaməti ola bilər. Belə hallar təsadüfi baş vermir, kompüter qarşısında uzun müddət qalmaq gözlərin zəifləməsinə səbəb olur, hətta menopauza yaxınlaşan qadınlarda da bu hal müşahidə edilib.
Bir müddət gözlərinizi bağlayın və açın, bu zaman havada uçan nöqtələri görmək normaldır, lakin kiçik flaş effektli və ani kölgələr kimi əlamətlərlə eyni anda qarşılaşmaq torlu qişanın qopması deyilən bir xəstəliyin əlaməti ola bilər.
Aydın görmə qabiliyyətimiz yaşlandıqca pisləşməyə başlayır. Bu təbii haldır, lakin gözün bəbəyinin bulanıqlaşması katarakta xəstəliyinin əlamətidir və bu görməni çətinləşdirir. İşıqların ətrafında halolar, həddindən artıq parlaq obyektlər, bulanıq görmə, işığa həssaslıq, gecə maşın sürməkdə çətinlik və bir gözdə ikiqat görmə bu xəstəliyin simptomlarına daxildir.
AZƏRTAC “Hürriyet”ə istinadla bildirir ki, göz ağrısı çox qeyri-spesifik simptomdur, lakin həmişə xəstəlik əlaməti sayılır. Buynuz qişanın xorası nəticəsində yaranan göz ağrısı adətən orta və ya şiddətli olur. Tez-tez işığa həssaslıq, gözdə yanma hissi və görmənin azalması ilə müşayiət olunur.
Sulu gözlər tez-tez polen, toz və tüstü həssaslığı kimi allergik vəziyyətin əlamətidir. Bu kimi xəstəliklər ciddi problem olmasa da, uzun müddət belə allergenlərlə təmasda olmaq, müxtəlif göz damcıları müalicələrindən istifadə etməmək uzun müddət gözünüzdə qalıcı dis-komfort yarada bilər.
Ən çox yayılmış göz problemlərindən biri də qlaukoma xəstəliyidir. Gözdəki təzyiq şiddəti ürəkbulanma, qusma və göz bəbəyinin anormal genişlənməsi kimi vəziyyətlərə səbəb ola bilər. Bu simptomlara göz ağrısı, qaşınma, sulanma və ya işığa qarşı həssaslıq da əlavə olarsa, çox təcili olaraq oftalmoloqa müraciət edilməlidir.