Gəlin uşaqlarımızı sevgi və məsuliyyətlə böyüdək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1949-cu ildə BMT tərəfindən təsis olunmuş, 1950-ci ildən etibarən 1 iyun tarixində qeyd olunmağa başlanmışdır. Bu gün bütün dünyada uşaqların hüquqlarının müdafiəsi və rifahı üçün çağırış günüdür.

Azərbaycanda da bu tarix xüsusi əhəmiyyət daşıyır. Uşaqların təhsili, sağlamlığı və təhlükəsiz böyüməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hər il müxtəlif bölgələrdə əyləncəli və maarifləndirici tədbirlər təşkil olunur, uşaqlara həsr olunan bayram əhval-ruhiyyəsi yaradılır.

Uşaqlar bizim gələcəyimiz, cəmiyyətin təməlidir. Onların baxışlarında ümid, gülüşlərində həyat var. Hər bir uşağın arzuları reallaşmağa, istəkləri eşidilməyə layiqdir. Onlara elə bir sevgi bəxş edək ki, sabah bu sevgini dünyaya yaya bilsinlər.

Dəyərli valideynlər, uşaqlarınızı elə tərbiyə edin ki, sabah vicdanlı və məsuliyyətli bir insan, anlayışlı bir ailə başçısı, mərhəmətli bir valideyn ola bilsinlər. Hər kəsin övladı ona əziz ola bilər, amma biz yalnız öz ailəmiz üçün yox, bütöv cəmiyyət üçün də övlad yetişdirməyi bacarmalıyıq. Bir növ biz övladımızı cəmiyyət üçün düzgün yetişdirməklə gələcəyimizi formalaşdırırıq.

  • Uşaqlarınızı dinləyin, onların duyğularını ciddiyə alın, onlarla dost olun;
  • Sevginizi sadəcə sözlə yox, davranışla da göstərin;
  • Tərbiyədə onlara özünüz örnək olun;
  • Onların həyatına zaman ayırın, birgə yaşayın

Pediatriya.az olaraq arzu edirik ki, hər bir uşaq sağlam, təhlükəsiz və sevgi dolu mühitdə böyüsün.

Əziz uşaqlar!
Sizə sağlam, sevgi dolu, qayğısız və xoşbəxt bir ömür arzulayırıq. Gözlərinizdəki parıltı heç zaman itməsin, xəyallarınız qanad açsın. Hər birinizin arzusu reallaşsın, yolunuzda hər zaman sevgi və uğur olsun. Sizin təbəssümünüz bizim üçün dünyanın ən gözəl mənzərəsidir. Sizi çox sevirik, bayramınız mübarək !

Haqqımızda | Pediatriya Portalı

Nərmin Əzizova