Gələn ildən ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərdə 20 yeni standart tətbiq olunacaq
Bakı, 17 aprel, AZƏRTAC
İcbari tibbi sığorta ilə əlaqədar gələn ildən yeni standartlar tətbiq olunacaq. Bu, əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması və ilkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsinə xidmət edəcək. Artıq bununla əlaqədar hazırlıq işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova bu barədə deyib: “2020-ci il üçün ilk növbədə 20 standartın tətbiq edilməsi nəzərdə tutulub. Həmin standartlar əsasən xəstəxana daxilində infeksion nəzarət tədbirlərinin həyata keçirilməsi, tibbi müayinələr zamanı prosedurların standartlara uyğunlaşdırılmasına həsr olunub. Növbəti illərdə isə həmin keyfiyyət standartlarının sayı artırılacaq. Keyfiyyət standartlarının tətbiqində əsas məqsəd xəstəxanalarda göstərilən tibbi xidmətlərin keyfiyyətini beynəlxalq standartlara yaxınlaşdırmaqdır. Məqsəd ondan ibarətdir ki, paytaxtda və ya regionda yerləşməyindən asılı olmayaraq, bütün xəstəxanalarda tibbi xidmətlər eyni keyfiyyət standartlarına uyğun həyata keçirilsin”.