Fövqəladə hallarda zərərçəkmiş əhalinin sağlamlığının qorunması mövzusunda təlim keçirilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Fövqəladə hallarda vətəndaşların xilas edilməsində xidmət təşkilatlarında çalışanların bilik və bacarıqlarının təkmilləşdirilməsi prioritet məsələlərdən biridir. Goranboy Rayon Mərkəzi xəstəxanasında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi çərçivəsində baş tutan təlim bu məqsədə xidmət edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fövqəladə hallarda zərərçəkmiş əhali arasında xəstələnmə, əlillik, ölüm hallarının azaldılması istiqamətində həyata keçirilən layihənin əsas məqsədləri sırasına-cinsi zorakılığın qarşısının alınması və zərər çəkənlərə yardımın göstərilməsi, İİV-in ötürülməsinin azaldılması, ana və yeni doğulmuş uşaqlar arasında həddən artıq xəstələnmə və ölüm hallarının qarşısının alınması kimi məsələlər daxildir.

İki gün davam edən təlimin ilk günündə tibb işçilərinin fövqəladə hallara hazırlığının yoxlanılması məqsədilə simulyasiya keçirilib və “zərərçəkmiş” hamilə qadınlara ilkin yardım göstərilib. İkinci gün göstərilən tibbi yardımlar müzakirə olunub, tibb işçilərinə müvafiq metodiki tövsiyələr verilib.