Finlandiya hökuməti ölkə vətəndaşlarına koronavirusla bağlı xəbərdarlıq edib

Stokholm, 28 yanvar, AZƏRTAC

Finlandiyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Çinə səfər edərkən koronavirusa yoluxmamalarından ötrü onlar üçün tövsiyələrini yayıb.

AZƏRTAC bu barədə Finlandiya XİN-in press-relizinə istinadla xəbər verir. Sənəddə deyilir ki, Çinin Uxan şəhərində yeni koronavirus ocağının yaranması hazırda azı 80 insanın ölməsi ilə nəticələnib, daha 3000 adama virusa yoluxma diaqnozu qoyulub.

Sənəddə bildirilir ki, Çində virusun yayılmasını dayandırmaq üçün sərt tədbirlərin görülməsinə baxmayaraq, virus ölkənin başqa şəhərlərinə də yayılıb.

Finlandiya hökuməti bildirir ki, o, riskləri qiymətləndirmək üçün vəziyyətə diqqətlə nəzarət edir. Finlandiya Səhiyyə və Sosial Təminat İnstitutu, habelə Dünya Səhiyyə Təşkilatı konkret tövsiyələr verir.

Tövsiyələrdə deyilir: “Əgər Çindəsinizsə, sizə insanların çox toplaşdığı yerlərdən uzaq olmağı, əl tutub görüşməməyi tövsiyə edirik. Siz virusa yoluxmamaq və ya başqalarının yoluxmasına yol verməmək üçün maska taxa bilərsiniz. Əsas məsələ isə əllərinizi tez-tez və səylə yumaqdır”. İnsanlara heyvanlarla təmasda olmamaq, diri və kəsilmiş heyvanlar satılan bazarlara getməmək, çiy və pis bişirilmiş ət, pasterizə edilməmiş süd məhsulları, yuyulmamış meyvə-tərəvəz yeməmək tövsiyə olunur.

Nazirlik Xubey vilayətinə hər hansı səfərdən çəkindirərək səyyahlara xatırladır ki, virusun yayılmasının qarşısının alınması üzrə tədbirlər, xüsusən ictimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması Çində həyatı və ora səfəri çətinləşdirə bilər. Finlandiya XİN-dən bildiriblər: “Biz Aİ və digər ölkələrlə əməkdaşlıq şəraitində Uxan şəhərindən və Xubey əyalətindən təxliyənin zəruriliyini qiymətləndiririk. Vətəndaşların Uxandan və ya Xubey əyalətindən təxliyəsi zərurəti ortaya çıxsa, Finlandiya hökuməti Aİ-nin digər ölkələri ilə birgə fəaliyyət göstərəcək”.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm