Fevralın 15-də xüsusi qayğıya ehtiyacı olan uşaqlara həsr olunan II Fərqli Fərdlər Konqresi keçiriləcək
Bakı, 8 yanvar, AZƏRTAC
Fevralın 15-də Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqlara həsr olunan II Fərqli Fərdlər Konqresi keçiriləcək .
Tədbirin təşkilatçısı olan Caspian Event Organisers şirkətindən AZƏRTAC-a bildirilib ki, konqres autizm spektr pozuntusu (ASP) mövzusuna həsr olunacaq. Konqresin işində fərqli inkişaf xüsusiyyətləri olan uşaqların valideynlər, bu uşaqlarla işləyən mütəxəssislər, pedaqoq və metodistlər, psixoloq və psixoterapevtlər iştirak edəcək.
Xatırladaq ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara həsr olunan I Fərqli Fərdlər Konqresi keçən il aprelin 6-da Bakıda keçirilib. Konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir.