Fevralın 10-dan Xətai rayonunda əhalinin tibbi müayinə kampaniyası başlanılacaq
Ölkə başçısının əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar verdiyi tapşırıq vətəndaşların sağlamlığının qorunmasına dövlət qayğısının təzahürüdür. Əhalinin sağlamlığının qorunmasında müasir səhiyyə ocaqlarının mövcud olması da əhəmiyyətli rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətində əhalinin tibbi müayinələrdən keçirilməsinə başlanılması ilə bağlı geniş müşavirədə söhbət gedib.
Əhalinin sayına görə paytaxtın ən böyük yaşayış mərkəzlərindən olan rayonda səhiyyə xidmətinin yaxşılaşdırılması sahəsində mühüm addımlar atılır: yeni səhiyyə ocaqları inşa edilir, mövcud binalar əsaslı şəkildə təmir edilir. Ötən il rayon üzrə 200 mindən çox əhaliyə tibbi xidmət göstərilib və onların 153,5 min nəfəri tibbi müayinədən keçib. Müayinə nəticəsində sakinlərin 141,9 min nəfəri sağlam hesab edilib, 10,6 min nəfəri ambulator, 958 nəfəri isə stasionar müalicəyə cəlb olunub.
Müşavirədə bu barədə məlumat verən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva qeyd edib ki, tibbi müayinə tədbirlərinin başlıca məqsədi xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etməkdir. Rayonda fəaliyyət göstərən səhiyyə ocaqlarının ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təchiz edilməsi sakinlərin lazımi qaydada müayinədən keçməsinə zəmin yaradır. Bu baxımdan hər il olduğu kimi bu il də rayon icra hakimiyyətində komissiya yaradılıb.
Çıxış edən həkimlər, rayon ziyalıları sakinlərin aksiyada fəal iştirakının vacibliyini xüsusi vurğulayıblar. Müşavirədə həkimlərin təklifləri dinlənilib, mövcud problemlərlə bağlı məsələlər müzakirə edilib.