ETPİ-də beynəlxalq maraq: Almaniyanın “Biotest” şirkətinin nümayəndələri institutla tanış olublar

Baxış
554

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Almaniyanın “Biotest” şirkətinin regional direktorları Markus BernardNikolas Rorariusun iştirakı ilə tanışlıq görüşü keçirilib. Qonaqları institutun direktoru, dosent Aynur Poluxova qarşılayaraq onları salamlayıb, müəssisənin fəaliyyəti, prioritet istiqamətləri və beynəlxalq əməkdaşlığa verdiyi önəm barədə məlumat verib. Görüşdə institutun elmi işlər üzrə direktor müavini Sevinc Nəsirova da iştirak edib.

Görüş zamanı qonaqlara institutda neonatal dövrdə iltihabi xəstəliklərin müalicəsində tətbiq olunan müasir protokollar, eləcə də ETPİ-də aparılan elmi-tədqiqat işlərinin nəticələri əsasında praktik tövsiyə kimi istifadə edilən dərman vasitələri barədə ətraflı məlumat verilib. Xüsusilə, şirkət tərəfindən istehsal olunan “Surfaktant”“Pentaglobin” preparatlarının klinik şöbələrdə tətbiq halları nümayəndələrin xüsusi marağına səbəb olub.

Nümayəndələr Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsində olaraq institutun strukturu, müalicə imkanları və fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar. Şöbə müdiri Xuraman Məmmədova qonaqlara şöbənin fəaliyyəti, tətbiq olunan müasir müalicə üsulları, yenidoğulmuşlara göstərilən intensiv terapiya xidmətləri və əldə olunan klinik nəticələr barədə ətraflı məlumat verib. Bildirilib ki, adıçəkilən dərman vasitələri institutun Ana və Uşaq proqramı çərçivəsində təminatına daxildir.

Qonaqlar institutda yaradılmış müasir tibbi infrastruktur, peşəkar tibbi heyət və tətbiq olunan müalicə imkanları ilə yaxından tanış olduqlarını bildirərək göstərilən yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə ediblər.

Görüş zamanı mümkün humanitar yardım və ianə formasında dəstək imkanları ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, belə dəstək göstəriləcəyi təqdirdə preparatlar elmi tədqiqatlarda, klinik araşdırmalarda və xəstələrin müalicəsində tətbiq edilə, əldə olunan nəticələr tibbi məqalələr şəklində elmi ictimaiyyətə təqdim oluna bilər.

Görüş çərçivəsində hər hansı rəsmi əməkdaşlıq və ya konkret layihə planlaşdırılmayıb. Səfər tanışlıq xarakteri daşıyıb və qonaqlara əməkdaşlıq məsələləri ilə bağlı ETPİ-nin tabe olduğu Səhiyyə Nazirliyinə müraciət etməyin məqsədəuyğun olduğu bildirilib.

ETPİ – pediatriya elminin və praktik tibbin aparıcı mərkəzi

Elmi-Tədqiqat Pediatriya İnstitutu ölkəmizdə ana və uşaq sağlamlığının qorunması istiqamətində aparıcı tibb müəssisələrindən biridir. İnstitutda yüksək ixtisaslı mütəxəssislər tərəfindən müasir diaqnostika və müalicə xidmətləri göstərilir, yenidoğulmuşların intensiv terapiyası, erkən müdaxiləpediatrik xəstəliklərin kompleks müalicəsi sahəsində mühüm nailiyyətlər əldə olunur.

ETPİ həmçinin elmi tədqiqatların aparılması, beynəlxalq təcrübənin öyrənilməsiinnovativ müalicə metodlarının tətbiqi ilə ölkədə pediatriya sahəsinin inkişafına töhfə verən nüfuzlu elmi-tibbi mərkəz kimi fəaliyyətini uğurla davam etdirir.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin