Əsrin ən qlobal problemi - dünyada 70 milyon insan bundan əziyyət çəkir
Aprelin 2-si Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, əsəb sisteminin inkişafının pozulması nəticəsində yaranan autizmə 3 yaşadək uşaqlarda rast gəlinir. Xəstəliyə üç əlamət-qarşılıqlı sosial əlaqələrin çatışmazlığı, kommunikasiyaya və maraq məhdudluğu və təkrarlanan davranış pozğunluğu əsasında diaqnoz qoyulur.
2008-ci ildən başlayaraq hər il aprelin 2-i Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd edilir. Bu barədə BMT Baş Məclisi 2007-ci il dekabrın 18-də qətnamə qəbul edib. Həmin günün qeyd edilməsi xəstəlikdən əziyyət çəkənlərə kömək etmək və onların həyat səviyyəsinin yüksəltmək məqsədi daşıyır.
Bütün dünyada olduğu kimi ölkəmizdə də autizm XXI əsrin ən qlobal problemlərindən hesab edilir. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxmini 1 faizi, yəni 70 milyon əhali autizmdən əziyyət çəkir. Onu XXI əsrin ən qlobal problemlərindən hesab edirlər. Autizmdən əlamətləri 2-3 yaşdan etibarən özünü büruzə verir. Lakin ən dəqiq diaqnoz 3 yaşında qoyulur. Valideynlər isə həmin əlamətləri daha erkən hiss etməlidirlər.
Autizmin müxtəlif növləri var. Bunlardan ən geniş yayılmış Asperger sindromu, atipik autizm və uşaq autizmini misal çəkmək olar. Uşaq autizmi 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə problemlər, ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlər bu növ üçün xarakterikdir. Onun yaranmasının dəqiq səbəbləri hələ də elmə məlum deyil. Əvvəllər bu xəstəlik valideyn tərəfindən diqqətsizlik və ya uşaqlara vurulan peyvəndlərlə əlaqələndirilirdi. Lakin aparılan araşdırmalar bunu təkzib edir. Nəsildə autizmdən əziyyət çəkənlər olduqda uşaqda da bunun olması istisna deyil, lakin bu da çox az rast gəlinən haldır. Xəstəliyin dərəcəsindən asılı olaraq həmin xəstələrin çoxu tam məhsuldar həyat sürmək qabiliyyətinə malikdir.
e-tibb.az