Eşitmə Sağlamlığı Günü ilə bağlı tədbir keçirilib
02.03.2018-ci il tarixində Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasında Qulaq və Eşitmə Sağlamlığı Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə LOR kafedrasının müdiri, professor Vəfa Pənahi açaraq beynəlxalq günün əhəmiyyətindən söz açıb: “Dünya əhalisinin 6 faizi məhz bu xəstəliyə düçar olub. Azərbaycanda 10 min nəfər insan eşitmə problemlərindən əziyyət çəkir.”
Klinikanın qulaq, burun, boğaz şöbəsinin müdiri Murad Şıxəliyev Ümumdünya Səhiyyə Təşkilatının məlumatını diqqətə çatdırıb. O qeyd edib ki, dünya əhalisinin 365 milyonu karlıq və eşitmə problemlərindən əziyyət çəkir, onlardan 32 milyonunu uşaqlar təşkil edir. Vaxtında profilaktik tədbirlər görülməməsi və müalicə olunmaması səbəbindən yaranan başqa xəstəliklərə görə hər il 750 milyard dollar vəsait itirilir: “Bu rəqəm mövcud problemin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha göstərir. Bu sahədə Azərbaycan Tibb Universitetində xeyli işlər görülüb, Eşitmə Mərkəzi açılıb. Burada təkcə adi qulaq əməliyyatları deyil, həm də anadangəlmə ağır dərəcədə eşitmə zəifliyi olan uşaqlar üzərində cərrahi müdaxilələr aparılıb.”
Universitetin LOR kafedrasının assisenti Afaq Şadlinskaya eşitmə probleminin yaranma səbəblərindən danışıb. O bildirib ki, bu problem əsasən irsi faktorlar və qohum nikahları nəticəsində yaranır, lakin başqa səbəblərin də karlığa səbəb olur: ”Ölkəmizin elə bölgələri, kəndləri var ki, orada az qala hər iki evdən birində eşitmə problemi var. Bundan başqa qanda bilurubinin miqdarının 30 faizdən çoxluğu, hamiləlik patologiyaları və zərərli dərman preparatlarının qəbulu eşitmə əngəlinə səbəb olur. Həmin problemin aradan qaldırılması üçün yeganə yol – koxlear implantasiya əməliyyatıdır”.
A.Şadlinskaya deyib ki, əməliyyat bahalı olduğuna görə, 2015-ci ilin oktyabrında sensonevral ağır eşitmə ilə əlaqədar yaradılan xüsusi komissiya ölkəmizdə həmin problemdən əziyyət çəkən uşaqların müayinə və müalicə edilməsi, koxlear implantasiya əməliyyatı aparılması ilə məşğul olur.
Kafedranın rezidenti Esmira Qasımova sindromik ağıreşitmə tipləri, Vaardenburq sindromu, anadangəlmə sensonevral ağıreşitmə halları, habelə eşitmə probleminə səbəb ola bilən digər amillərdən danışıb, onun diaqnostikası və müalicə formaları barədə məlumat verib.
Tədbirdə koxlear implantasiyanın üstünlüklərindən bəhs edən videomaterial nümayiş etdirilib. Klinikanın əməkdaşları xəstəliyin ayrı-ayrı simptomları, diaqnostikası və müalicə formaları barədə məlumat veriblər.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı