Elmi-Tədqiqat Pediatriya İnstitutunda yeni bölmələr yaradıldı - FOTO
TƏBİB-in “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun nəzdində Mərkəzi Laboratoriya təşkil olunub.
Qurumdan Ölkə.Az-a verilən məlumata görə, Mərkəzi Laboratoriyanın müasir keyfiyyət standartlarına uyğun Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri yaradılıb.
Mərkəzin fəaliyyətinin bütün mərhələlərində insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Avtomatlaşdırılan sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb, bütün analizatorlar “E-Təbib” proqram təminatına inteqrasiya etdirilib, bununla da kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası reallaşdırılıb. Beləliklə, İnstitutun klinik şöbələrində stasionar müalicə alan xəstələrin bütün həyati vacib biokimyəvi testləri qısa müddətdə işlənilərək müalicə həkimlərinə təqdim oluna bilir.
Qeyd edək ki, ağır patologiya ilə Reanimasiya şöbəsində uzun müddət müalicə alan yenidoğulanlarda və vaxtından əvvəl doğulan çox aşağı çəkili körpələrdə inkişaf edən infeksion proseslərin diaqnostikasında mikrobioloji laboratoriyalar müstəsna əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınaraq Mikrobioloji Laboratoriya avtomatlaşdırılan sistemlərlə təchiz edilib. Sepsisli xəstələrdən alınan qan nümunələrinin avtomatlaşdırılmış hemokultura sistemində kultivasiyası və pozitiv siqnal verən nümunələrdən izolə edilən törədici mikroorqanizmlərin antibiotiklərə qarşı həssaslığının Minimal İnhibisiya Konsentrasiyası (MİK) səviyyəsində təyin olunması təmin edilib. Müasir sistemlərdə çalışmaq üçün laboratoriya personalına xüsusi təlimlər verilib. Antibiotiklərə həssaslığın MİK səviyyəsində təyini müalicə prosesinin müddətinin qısalmasına və rasionallaşmasına, eləcə də gərəksiz antibiotik istifadəsindən qaçmağa imkan verəcək.
https://olke.az/saglamliq/292554/elmi-tedqiqat-pediatriya-institutunda-yeni-blmeler-yaradildi-foto/