Elektron səhiyyənin əsas məqsədi nədir?
İnformasiya cəmiyyətinin formalaşması, biliklərə əsaslanan iqtisadiyyata keçid, informasiya texnologiyalarının ictimai həyatın bütün sferalarına nüfuz etməsi tibb sahəsinə də öz təsirini göstərib. Hazırda ölkənin səhiyyə və tibb sahəsində gündəlik fəaliyyəti informasiya və kommunikasiya texnologiyalarına (İKT) söykənir. İKT-nin səhiyyəyə inteqrasiyasının labüdlüyü hər kəs tərəfindən qəbul edilən danılmaz fakta çevrilib. Bu, eyni dərəcədə, həm vətəndaşların yüksəkkeyfiyyətli və təhlükəsiz tibbi xidmətlərlə təmin olunması sahəsinə, həm də kadrların səmərəli yerləşdirilməsi, statistik verilənlərin yığılması, qorunması, emalı və ötürülməsini əhatə edən hesabat-uçot və tibbi tədqiqatların aparılması sahəsinə aiddir. Bütün bunlar isə, öz növbəsində, səhiyyənin kompleks informasiyalaşdırılması zərurətini aktuallaşdırır.
Dünya Səhiyyə Təşkilatı (DST) elektron səhiyyəni (e-səhiyyə) tibb və səhiyyə sahəsində İKT-dən istifadə edilməsi kimi müəyyən edir. Geniş mənada, e-səhiyyə tibbi xidmətlərin göstərilməsi və səhiyyə sistemlərinin idarə edilməsinin dəstəklənməsi üçün elektron vasitələrdən istifadə etməklə informasiya axınının yaxşılaşdırılmasına xidmət edir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova məlumat verib.
“Səhiyyə xidmətləri bazarının inkişafı və İKT-nin bu sahəyə tətbiqi yalnız 2000-ci ildən etibarən prioritetlər sırasına daxil olub. “Böyük səkkizliy”in (G8) 2000-ci ildə “Səhiyyədə qlobal tətbiqlər” layihəsi dünya ictimaiyyətinin sonradan “eHealth” adlandırdığı problemin rəsmi başlanğıc nöqtəsi hesab edilir. Növbəti addım kimi 2005-ci ildə Dünya Səhiyyə Assambleyasının 58-ci sessiyasında müzakirə olunmuş və DST tərəfindən qəbul edilmiş qətnaməni, habelə elektron səhiyyə konsepsiyasını qeyd etmək lazımdır. Bu qətnamədə səhiyyənin keyfiyyətinin artırılmasında, səhiyyə və sağlamlıqla bağlı fəaliyyət sahələrində tədqiqatların keyfiyyətinin yüksəldilməsində e-səhiyyənin mühüm rol oynayacağı vurğulanıb.
DST tərəfindən e-səhiyyənin formalaşdırılmasına dair dövlətlərə ünvanlanmış çağırış e-səhiyyə xidmətlərinin reallaşdırılması üçün strateji planların, hüquqi əsasların işlənilməsini, iştirakçıların səfərbər edilməsi və maraqlı tərəflərin fəaliyyətlərinin koordinasiya olunmasını və fəaliyyətin müqayisəli təhlilini və ən yaxşı praktikanın aşkarlanması üçün milli mərkəzlərin yaradılmasını ehtiva edir.
Elektron səhiyyə və teletibb Avropa İttifaqının (Aİ) gündəliyinə 1990-cı illərin sonunda “Lissabon strategiyası” ilə daxil olub. Bu siyasi sənəddə səhiyyənin müasirləşdirilməsində İKT-nin həyati vacib rol oynadığı göstərilib. Daha sonra həmin strategiya “E-səhiyyə” adlandırılıb. 2008-ci ildə e-səhiyyə Avropa Komissiyası tərəfindən Aİ-nin 6 mühüm baza təşəbbüslərindən biri elan edilib.
Səhiyyənin informasiyalaşdırılması ilə əlaqədar dünya tibb ictimaiyyətinin səylərinin birləşdirilməsi məqsədilə DST-nin nəzdində “E-səhiyyə üzrə Qlobal Observatoriya yaradılıb”, – deyə professor qeyd edib.
Şöbə müdiri onu da bildirib ki, elektron səhiyyənin əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlyetərliyinin yüksəldilməsi, idarəetmənin effektivliyinin artırılması hesabına səhiyyə resurslarının və xərclərinin azaldıması, sağlam həyat tərzi, xəstəliklərin profilaktikası, müxtəliftəyinatlı tibbi xidmətlərin göstərilməsinə dair əhalinin mütəmadi olaraq məlumatlandırılması və hər bir vətəndaşa öz sağlamlığını idarə etmək imkanının yaradılması, əhalinin tibbi təminatında olan müxtəlif növ (yaş-cins, əlillik, yoxsulluq və s. üzrə) bərabərsizliyin aradan qaldırılmasıdır. Elektron səhiyyənin mahiyyəti lazımi zamanda və məkanda insanın səhhəti haqqında elektron formada mühafizə olunan informasiyanın çatdırılmasını təmin edən kompleks vasitələrin təqdim edilməsindən ibarətdir.