Əl-ayaq-ağız xəstəliyi barədə. Həkim Nərmin Əzizova, həkim Əli Quliyev
Əl-ayaq-ağız xəstəliyi əsasən körpələrdə və 5 yaşdan kiçik olan uşaqlarda, bəzən isə daha böyük yaşlı insanlarda təsadüf olunan viral xəstəlikdir.
Xəstəliyin əlamətləri yüksək hərarət, əl-ayaqlarda səpkilər, ağız içində ağrılı yaraların olmasıdır. İlin yaz və payız fəsillərində daha çox rast gəlinir.
Xəstəliyin səbəbləri: Əl-ayaq-ağız xəstəliyinə enterovirus cinsli viruslar səbəb olur. Bu virus qrupuna koksaki viruslar, polioviruslar, ekoviruslar və enteroviruslar daxildir. Ən çox rast gəlinən səbəb “Koksaki virus” A16-dır. “Enterovirus 71” isə əl-ayaq- ağız xəstəliyinin yayılmasına və xəstəliyin daha ağır keçməsinə səbəb olur.
Bu xəstəlik bəzən heyvanlarda rast gəlinən ayaq-ağız xəstəliyi ilə qarışdırılır. Lakin, bu iki xəstəlik etioloji cəhətdən fərqlənirlər. Əl-ayaq-ağız xəstəliyi insanlardan heyvanlara, heyvanlardan insanlara keçə bilməz.
Xəstəliyin əlamətləri nədir? Əsasən yüksək hərarət (38-39 dərəcədir), iştahsızlıq, səbəbi bəlli olmayan halsızlıq və boğaz ağrısı ilə müşahidə olunur. Bəzən əlamətlər arasına öksürək və qarın ağrısı da qoşula bilər. Qızdırmanın başlamasından 1-2 gün sonra ağzın içində (herpangina) içi maye ilə dolu olan, ağrılı səpkilər əmələ gəlməyə başlayır. Səpkilər əsasən ağzın arxa hissəsində, kiçik qırmızı ləkələr kimi görünür. Daha sonra bu ləkələr böyüyərək içi su ilə dolu olan qabarcıqlara çevrilir. Çox vaxt bu qabarcıqlar partlayaraq xoralar əmələ gətirir. Dəri səpkilər isə 1-2 gün sonra görünməyə başlayır. Xüsusilə ilk olaraq ayaq dabanında və əlin ovuc hissəsində kiçik qırmızı nöqtələr şəklində olur. Daha sonra isə səpkilərdə maye toplanması ilə müşahidə olunur. Bəzən səpkilər dizlərdə, dirsəkdə, gluteal bölgədə (sarğı nahiyəsi) və ya genital bölgədə (cinsiyyət üzvləri ətrafı) olur. Səpkilər əsasən 5-7 gün içərisində heç bir müdaxilə edilmədən özü sağalır.
Xüsusilə qeyd etmək lazımdır ki, körpə uşaqlar ağız içində olan yaralara görə maye qəbul etməkdə çətinlik çəkə bilərlər və nəticədə dehidratasiya (susuzluq) yarana bilər. Əslində xəstəliyin adı əl-ayaq-ağız xəstəliyi olsa da, bəzən sadalanan bölgələrdə olmadan da sadəcə ağız yaraları və ya sadəcə dəri səpkiləri ilə diaqnoz qoyula bilər.
Əl-ayaq-ağız xəstəliyinin ağırlaşmaları: Ağırlaşmış halları nadir olaraq müşahidə olunur.
- Viral və ya aseptik menengit yarana bilər. Qızdırma, baş ağrısı, boyun tutulması və ya bel ağrısı xarakterikdir. Bu zaman uşağın bir neçə günlük xəstəxanada yatırılması zəruridir.
- Beyin iltihabı (ensefalit) çox az rast gəlinir.
- Bir sıra uşaqda 4 həftə içində əl və ayaq dırnaqlarında düşmə, qırılma görülmüşdür. Dırnaq düşmə keçici olmuş və heç bir müalicə lazım olmadan təkrar böyümüşdür.
Xəstəliyə necə yoluxulur?
İnkubasyon dövr təqribi 3-6 gündür. Koksaki virus infeksiyası çox yoluxucudur. Yoluxma oral və ya oral-fekal yoldan ola bilər. Ağız və ya bağırsaq mukozasında ilk yerləşən viruslar 24 saat içində limfa düyünlərində yayılmaya səbəb olur. Virus sürətlə ağzın selikli qişasına və dəriyə yayılır. 7-ci gündə neytralizə edici antitel səviyyəsi artır və virus miqdarı azalır.
Bu viruslar burun və boğaz ifrazatlarında, səpkilərin içindəki mayelərdə və nəcisdə də ola bilər.
İnfeksiyalaşmış insandan sağlam insana təmasla, öksürək, asqırmaqla, nəcislə təmasla, çirklənmiş əşyalarla yoluxa bilərlər.
İnfeksiyalaşmış insanların nəcisi və ya sidiyi ilə bulanmış sulardan yoluxma daha çox görülür. Bəzən suyun xlorlanması belə təsirsiz ola bilər.
Əsasən, əl-ayaq-ağız xəstəliyi olan uşağın ilk bir həftə yoluxudurmaq qabilliyəti çox yüksəkdir. Bəzən hətta əlamətlər ortadan qalxsa belə günlər və ya həftələr boyu yoluxdurma qabiliyyəti saxlanıla bilir. Yoluxduruculuq qabiliyyəti çox yüksək olduğundan əlamətlər tamamən ortadan qalxanadək izolə olması məsləhət görülür.
Əl-ayaq ağız xəstəliyinin diaqnozu necə qoyulur? Anamnez və fiziki müayinə, ağızda, əllərdə və ayaqda olan xarakterik səpkilər, çox vaxt diaqnozu qoymağa kifayətdir. Aftoz stomatit, suçiçəyi, eritema multiforma və sadə herpes ilə differensial diaqnostika aparılır.
Əsasən laborator qan analizi verməyə ehtiyac yoxdur. Leykosit sayısı 4000- 16.000/ml arasındadır. Bəzən atipik limfositlər görülür. Son dövr aparılmış təqdiqatlar, CRP və aclıq qan şəkərinin daha yüksək olduğu görülüb.
Virusun tapılması mümkün olan bölgələrdən (burun-boğazdan, nəcisdən, səpkilərin mayelərindən) PCR metodu ilə virusun izolə edilməsi və ya qanda xəstəliyə səbəb olan viruslara (Koksaki, enterovirus) qarşı əmələ gələn antitellər müəyyən edilir.
Xəstəliyə yoluxmamaq üçün necə qorunmaq olar? Xəstəlikdən qorunmaq üçün xüsusi olaraq peyvənd yoxdur. Xəstə uşaqlarla yaxın təmasdan uzaq olmaq və bəzi təmizlik qaydalarına əməl etmək kifayətdir. Aşağıdakı məsələlərə diqqət etməyiniz tövsiyə olunur:
- Əllərinizi xüsusilə tualet istifadəsindən sonra mütəmadi olaraq sabunla və su ilə yumaq;
- Xüsusilə oyuncaqlar olmaqla uşağın çox istifadə etdiyi əşyaları müntəzəm olaraq təmizləmək və dezinfeksiya etmək;
- Əhalinin çox olduğu yerlərdə olmamaq;
- Xəstələrlə yaxın təmasdan və ümumi qab stəkan istifadəsindən uzaq durmaq.
Xəstəliyin müalicəsi necə aparılır? Xəstəliyin xüsusi bir müalicəsi yoxdur. Simptomları yüngülləşdirmək mümkündür. Belə ki:
- Ağrı və hərarət üçün temperatursalıcı və ağrıkəsici verilə bilər. Amma bunu unutmamaq lazımdır ki, uşaqlara aspirin vermək qadağandır;
- Dehidratasiyanın qarşısını almaq üçün maye qəbulu artırılmalıdır;
- Ağrılı ağız yaraları üçün qarqara, ağız suları və ya spreylər istifadə oluna bilər.
Həkim Nərmin Əzizova
T.ü.f.d., uzman-həkim Əli Quliyev