Əhalinin tibbi profilaktik müayinə tədbirləri başa çatıb, 5 milyon 638 min nəfər müayinələrdən keçirilib
Prezident İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi profilaktik müayinəsi ilə əlaqədar tədbirlər görülür. Səhiyyə nazirinin müavini Nigar Əliyevanın “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” imzaladığı sərəncama əsasən, bu il fevralın 12-dən mayın 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb.
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə əhalisinin yaşı 18-dən yuxarı 5 milyon 638 min 115 nəfəri tibbi müayinələrdən keçirilib və onların 338 min nəfərində müxtəlif növ xəstəliklər aşkar edilib.
Aparılan tibbi müayinələrin yekununa görə, qan dövranı və tənəffüs sistemi xəstəlikləri üzrə ən yüksək göstərici qeydə alınıb. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 50 min nəfərdən çox əhalinin əziyyət çəkdiyi məlum olub. Ən aşağı xəstəlik göstərici isə infeksion xəstəliklərdə müşahidə edilib, müayinədən keçənlərin 8 min nəfərində həmin xəstəliyə rast gəlinib.
Müayinələr zamanı 27,7 min nəfər stasionar müalicəyə cəlb edilib, 58,6 min nəfər dispanser nəzarətinə götürülüb, 1,8 milyon nəfərdən çox ölkə sakini əlavə müayinələr olunması üçün müxtəlif xəstəxanalara göndərilib.
Ölkəmizin şəhər və rayonlarında səhiyyə müəssisələri rəhbərlərinin və regionlara ezam olunan mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 166,2 min nəfər sağlamlığına qovuşub.