Əhali mümkün qədər plastik və polietilen qablardan az istifadə etsin
“Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq, əhaliyə müraciət edirik ki, mümkün qədər plastik və polietilen qablardan az istifadə etsinlər, istifadə edilən qabları isə ətraf ərazilərə atmasınlar, dənizi, meşələrimizi bu cür tullantıların zərərli təsirinə məruz qoymasınlar”.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Adil Zeynalov deyib.
A.Zeynalovun sözlərinə görə, bu gün istifadə olunan plastik qablaşdırma materialları və polietilen torbalar qlobal problemə çevrilib: “Azərbaycanda da bu problemlə gündəlik üzləşirik. Hər birimizə məlumdur ki, bu növ tullantılar ətraf mühitin intensiv olaraq çirklənməsinə gətirib çıxarır”.
Sektor müdiri qeyd edib ki, müəssisələr məhsulun qablaşdırılması zamanı plastik və polietilen materiallara deyil, alternativ qablaşdırma üsullarına (məsələn, kağız, şüşə materiallar və s.) üstünlük verməlidirlər.
Bir çox ölkələrdə plastik və polietilen qablardan artıq istifadə edilmədiyini deyən nazirlik rəsmisi əlavə edib ki, keçmiş SSRİ məkanında ətraf mühitə atılan tullantıların təxminən 1 faizi plastik materialdan olan tullantılar olduğu halda son zamanlar bu, dəfələrlə çoxalıb.
Bu göstəricinin getdikcə artdığını deyən nazirlik rəsmisi bildirib ki, plastik materialdan olan tullantıların artmasının ən əsas səbəblərindən biri texnologiyanın inkişaf etməsi, bu materiallardan daha geniş istifadə edilməsidir.
A.Zeynalov təklif edir ki, polietilen paketlər məhsul alarkən insanlara pulla satılsa, onda onların satış səviyyəsi də azalar və belə paketlər daha az istifadə edilər: “Çünki onda insanlar əvvəllər olduğu kimi bir zənbil götürməklə bazarlığa gedər və polietilen paketlərə də əlavə pul verməzlər”.
Mütəxəssis istifadə edilmiş plastik qabların təkrar emalını da vacib sayıb. Onun sözlərinə görə, belə olarsa, tullantılarının həcmi azalar, eyni zamanda, onların insan sağlamlığına və ətraf mühitə mənfi təsiri də azalar: “Bu gün sərinləşdirici içki istehsal edən müəssisələrdə gün ərzində minlərlə plastik qaba içki doldurulur. Hər bir müəssisə istehsala başlayarkən müəyyən etməlidir ki, istehsal etdiyi məhsulların qablarını hansı formada geri ala və onun əsasında yeni bir məhsul hazırlaya bilər. Amma iş ondadır ki, Azərbaycanda belə qabların geri alınması mexanizmi, habelə təkrar emalı texnologiyaları tətbiq edilmir”.
A.Zeynalov qeyd edib ki, süni materiallardan hazırlanan belə qablar Günəş şüasının altında qalarkən onun tərkibindəki kimyəvi maddələr qidaların və suların tərkibinin pisləşməsinə səbəb olur. Bu cür qablardan su qabı kimi təkrar istifadə edilməsi isə yolverilməzdir.
ETSN rəsmisi əhalinin özünün də plastik qablardan daha az istifadə etməkdə maraqlı olmasını vacib sayıb: “Bizə şikayətlər edilir ki, küçələrə plastik qablar, polietilen torbalar atılır. Bəzi insanlar buna laqeyd münasibət göstərsələr də, artıq çoxları belə tullantılarla bü cür davranma hallarına qarşı çıxmağa başlayıb və hesab edirlər ki, bu qabları, torbaları tullantı kimi hara gəldi atmaq düzgün deyil”.
Trend