Dünyanın tanınmış oftalmoloq alimləri Bakıda. Zərifə Əliyeva-95
Tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyeva Azərbaycanda yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib. Bunu səhiyyə naziri, Oqtay Şirəliyev akademikin anadan olmasının 95 illiyinə həsr olunan “Oftalmologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktiki konfransda deyib. Akademikin keçdiyi şərəfli ömür yoluna nəzər salan nazir bildirib ki, Zərifə Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində çalışanların göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Onun “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi bir sıra monoqrafiyaları çap edilib. Ümumiyyətlə Akademikin 200-qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var.
Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadə, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov, eləcə də dünyanın müxtəlif ölkələrindən gələn oftalmoloq-alimlərin iştirak etdiyi konfransda müxtəlif məruzələr dinlənilib. Görmə orqanlarının peşə patologiyaları, oftalmologiyanın sosial məsələləri, oftalmoloji yardımın təşkili, uşaq yaşlarında görmə orqanının patologiyası, optik mühitlərin patologiyaları, refraksia pozuntuları, korreksiya, qlaukoma, vitreoretinal patologiya, oftalmoonkologiya, görmə orqanının yoluxucu və parazitar xəstəlikləri, görmə orqanı zədələri, uşaq yaşlarında görmə orqanının patologiyası kimi məsələlər müzakirə edilib.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı