Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin sessiyası işə başlayıb

Cenevrədə Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 142-ci sessiyası işə başlayıb.

AZƏRTAC DST-nin saytına istinadla xəbər verir ki, sessiyada təşkilatda islahatlar məsələsi, ictimai səhiyyə sisteminin hazırlıq və çevikliyinin təmin edilməsi, poliomielitin ləğvindən sonra keçid dövrünün planlaşdırılması, dərman vasitələri və vaksinlərin qlobal çatışmazlığı problemləri, onların əlçatanlığı və digər məsələlər müzakirə olunacaq.

İcraiyyə Komitəsi səhiyyə sahəsində texniki cəhətdən ixtisaslaşmış 34 üzvdən ibarətdir. Onlar üç il müddətinə seçilir.

Komitənin əsas funksiyaları Səhiyyə Assambleyasının qərarlarının və siyasətinin həyata keçirilməsi, ona məsləhətlər verilməsi və fəaliyyətinə yardım edilməsidir.

 

AZƏRTAC