Dünya əhalisinin üçdəbiri vərəm xəstəliyindən əziyyət çəkir
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Vərəm xəstəliklərinin diaqnozu və müalicəsindəki yeniliklər” mövzusunda konfrans keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda çıxış edən Türkiyənin Acıbadem Universitetinin professoru Tanıl Kocagöz dünya əhalisinin üçdəbirinin, yəni 2 milyarddan çox insanın vərəmdən əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə, hər gün 3 milyondan artıq insan vərəmə yoluxur ki, onlardan da gündə 8 mini dünyasını dəyişir. Vərəmin ilkin əlamətləri və yaranması yollarından bəhs edən professor bildirib ki, ən çox hava-damcı yolu ilə insandan-insana keçən bu xəstəlik nə qədər tez aşkarlanarsa, o qədər də asan müalicə oluna bilər. O deyib ki, halsızlıq, yorğunluq, uzun sürən hərarət və öskürək, gecə tərləmələri, iki həftə davam edən bəlğəm gəlməsi və onda qan izinin olması kimi əlamətləri özündə əks etdirən bu xəstəliyin müalicəsi 4 aydan 6 aya qədər davam etdirilir.
T.Kocagöz çıxışında əsasən son metodlara istinad edərək xəstəliyin diaqnostikası və müalicəsinin daha səmərəli aparılması yollarından danışıb. Məruzəçi bu sahə üzrə Türkiyədə və dünyanın inkişaf edən ölkələrində tətbiq olunan ən yeni dərman vasitələrinin təsiri və onlardan istifadə qaydaları barədə ətraflı məlumat verib.
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun laborator bölmə üzrə elmi rəhbəri Rafiq Abuzərov “Azərbaycan Vərəm Laboratoriyasının quruluşu və gördüyü işlər” barədə geniş məruzə ilə çıxış edib. Respublikamızda bu sahə üzrə fəaliyyət göstərən laborator şəbəkə haqqında tədbir iştirakçılarını məlumatlandıran R. Abuzərov milli istinad, regional və mikroskopiya laboratoriyalarının iş prinsipləri və onlarda aparılan elmi-tədqiqat işlərinin nəticələrindən söhbət açıb. O, bildirib ki, vərəmə xas əlamətləri olan xəstəliklərin diaqnostikası və monitorinqinin aparılması, bəlğəm nümunələrinin saxlanma temperaturu və müddəti, həmçinin daşınma metodunun düzgün qrafik üzrə təyin olunması bu laboratoriyanın əsas işidir.
Bundan başqa Türkiyəli mütəxəssis İskəndər Karaltının “Türkiyədə və dünyada vərəmlə xəstələnmə tezliyi” mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Mövzular ətrafında müzakirələr aparılıb, mütəxəssisləri maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.