DTX-nın Mədəniyyət Mərkəzində daun sindromlu uşaqlara həsr olunmuş tədbir keçirilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Uşaqların beynəlxalq müdafiəsi günü ilə bağlı silsilə tədbirlər davam etdirir.

APA-nın xəbərinə görə, həmin tədbirlər çərçivəsində bu gün DTX-nın Mədəniyyət Mərkəzində daun sindromlu uşaqlara həsr olunmuş musiqili – əyləncəli xeyriyyə tədbiri keçirilib.

DTX-nın Mədəniyyət Mərkəzinin əməkdaşı Zəhra Quliyeva, aktyor Cabir İmanov uşaqları təbrik ediblər, tədbirin keçirilməsində əsas məqsədin daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməkdən ibarət olduğunu bildiriblər.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova daun sindromlu uşaqlara göstərilən dövlət qayğısından danışıb.

Tədbirə “Təmiz dünya” ictimai birliyinin sığınacağının sakinləri olan daun sindromlu uşaqlar da qatılıb.

Tədbir zamanı xalq artisti Faiq Ağayev və digər mədəniyyət xadimləri musiqi proqramları ilə çıxış ediblər.

Sonda uşaqlara hədiyyələr verilib.

APA