Dövlət Komitəsi “Roblox” platforması ilə bağlı valideynlərə tövsiyələrini açıqlayıb

Baxış
29

Bakı, 6 fevral, Günel Türksoy, AZƏRTAC

Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biri də uşaqların zərərli informasiyalardan qorunmasıdır. Bu istiqamət, həmçinin uşaqların internet məkanında yayılan rəqəmsal təhlükələrdən müdafiəsini özündə ehtiva edir.

Cari ilin yanvar ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə “Roblox” oyun platformasında uşaqlar üçün zərərli informasiyaların mövcudluğuna dair vətəndaş müraciətləri daxil olub.

Məsələ ilə bağlı Dövlət Komitəsi yanında yaradılmış, müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurası”nın 2026-cı il 21 yanvar tarixli qərarına əsasən “Roblox” Korporasiyasına rəsmi müraciət ünvanlanıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, uşaqların zərərli informasiyadan qorunması məqsədilə, Korporasiyadan Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tədbirlər görülməsi və nəticəsinin Dövlət Komitəsinə bildirilməsi xahiş edilib. Tövsiyələr nəzərə alınmadığı təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Dövlət Komitəsi, həmçinin “Roblox” platforması ilə bağlı valideynlərə bir neçə tövsiyə də verib.

– Platformadakı “Parental Controls” (valideyn nəzarəti) funksiyalarının aktivləşdirilməsi, uşağın hesabına giriş və oyun davranışına dair məhdudiyyətlərin tətbiqi.

– Digər istifadəçilərlə ünsiyyət imkanlarının (chat, friend request və s.) məhdudlaşdırılması və ya tam deaktiv edilməsi.

– Oyun daxilində ödəniş və satınalmaların yalnız valideyn icazəsi ilə aparılması, kart məlumatlarının uşağa əlçatan olmaması.

– Uşağın oynadığı məzmunun dövri olaraq yoxlanılması və yaşına uyğunluğunun qiymətləndirilməsi.

– Şəxsi məlumatların (ad, ünvan, telefon, şəkil və s.) paylaşılmaması barədə uşağa aydın izah verilməsi və maarifləndirilməsi.

– Uşağın oyun vaxtının balanslaşdırılması, uzunmüddətli istifadə nəticəsində yarana biləcək psixoloji və sosial təsirlərin qarşısının alınması.

– Şübhəli istifadəçi, link və ya davranış müşahidə olunduğu halda dərhal valideynə məlumat verilməsi barədə uşağın maarifləndirilməsi.

Əlavə məlumat üçün bildiririk ki, ölkəmizdə 30 oktyabr 2018-ci il tarixində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Bu Qanunun icrasına nəzarət həm dövlət və həm də ictimai nəzarət formasında həyata keçirilir. Belə ki, uşaqları zərərli informasiyadan qorumaq məqsədilə müvafiq dövlət qurumları ilə yanaşı qeyri-dövlət qurumları, böyükdən-kiçiyə bütün vətəndaşlar, xüsusən də valideynlər, müəllimlər, yetkinlik yaşına çatmayanlarla birbaşa çalışan şəxslər öz dəstəyini əsirgəməməli, bu prosesin iştirakçısına çevrilməlidirlər.

Qeyd edək ki, dünyada milyonlarla istifadəçisi olan “Roblox” platforması son illərdə bir neçə ölkədə tamamilə və ya qismən qadağan edilib.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin