Doqquz ay ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2379 müraciət daxil olub

Bakı, 5 oktyabr, AZƏRTAC

Cari ilin doqquz ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 2379 müraciət daxil olub. Onların 1021-i ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 1358-i isə telefon vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib.

Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olan müraciətlərin 695-i müayinə, müalicə və cərrahi əməliyyat, 316-sı əlillik məsələləri, 260-ı icbari tibbi sığortanın tətbiqi və sığorta haqları, 216-sı işə qəbul və əmək münasibətləri, 172-si ambulator dərman təminatı, 149-u göndərişlərin verilməsi, 123-ü tibbi xidmətlərlə bağlı ödənişlər və 448-i digər mövzular ilə bağlı olub.

Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Agentliyin fəaliyyətinə aid olmayan müraciətlər isə baxılması üçün aidiyyəti üzrə digər təşkilatlara göndərilib.

Qəbul qrafikinə uyğun olaraq doqquz ay ərzində agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 193 vətəndaş qəbul edilib. Onlardan 45-i pilot layihənin həyata keçirildiyi ərazilərdə agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev tərəfindən səyyar qaydada qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən tibbi sərfin qarşılanması, dərman vasitələri və işlə təminat, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar və s. məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.