Donorluğa nəzarət üçün Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək

Bakı, 29 mart, AZƏRTAC

Qohum olmayan şəxslərin donorluğuna nəzarət üçün Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək və həmin komissiyanın 5 üzvü olacağı planlaşdırılır. Üzvlər arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən də nümayəndə olacaq. Komissiya tərəfindən həqiqətən donorluğa ehtiyac olub-olmadığı müəyyənləşəcək.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova nazirliyin rəsmi instaqram səhifəsində canlı yayım zamanı deyib.

Y.Abbasovanın sözlərinə görə, donor olmaq istəyən şəxslərin orqanlarının sağlam olması vacibdir. Nazirlər Kabineti tərəfindən təsdiq edilən bəzi xəstəliklər var ki, bu problemlərdən əziyyət çəkənlərin donor olması qadağan olunub. Vərəm, İİV/QİÇS, bədxassəli şişlər, ürək-damar problemləri, tənəffüs orqanlarının bəzi xəstəlikləri və digər problemlərdən əziyyət çəkən şəxslər donor ola bilməz.