Dişçıxarma zamanı körpələrə verilən halqa və oyuncaqlar 2-3 saat soyuducuda saxlanılmalıdır
Bakı, 23 iyul, AZƏRTAC
Körpələrin altıncı aydan səkkizinci aya qədər dişləri çıxmağa başlayır. Bir sıra endokrin problemlər səbəbindən dişlərin çox erkən çıxması mümkündür. Dişlər çıxmamışdan bir ay əvvəl körpədə ümumi narahatlıq, damaqda qaşınma, ağız suyu ifrazının artması kimi hallar müşahidə edilir, yuxusu pozulur, iştahası zəifləyir.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, bəzi körpələrdə dişçıxarma zamanı hətta bədən hərarətinin artması və bəzi nahiyələrində səpgi halları müşahidə edilir.
Diş çıxarkən diş ətinin yuxarı hissəsində əvvəlcə qızartı və şişkinlik olur, bir müddət sonra ağ nöqtə şəklində diş minası görünür. Həmin vaxt hipersalivasiya nəticəsində ağız suyunun təsiri ilə uşağın çənə və boyun nahiyəsində qıcıqlanma və səpgi yaranır. Bunun qarşısını almaq üçün dodaqətrafı, çənə və boyun nahiyəsinə uşaq üçün nəzərdə tutulan krem və ya təbii yağlar çəkilməli, sinəsinə suçəkən pambıq materialdan hazırlanmış yaxalıq asılmalıdır.
Dişçıxarma zamanı bəzi uşaqlarda hərarətin yüksəlməsi müşahidə olunur, hətta hərarət 38 dərəcəyə çatır. Bəzən hər hansı infeksion proses də qızdırmaya səbəb olduğuna görə bu kimi hallarda həkim-pediatrla məsləhətləşmək lazımdır.
Dişlər çıxan zaman ağrı və damaqdakı qaşınmanı azaltmaq üçün uşaqlara rezin halqa və oyuncaqlar verilməlidir. Oyuncaqların hazırlandığı materialın təhlükəsizliyinə diqqət yetirmək vacibdir. Təhlükəsiz materialdan hazırlanmış halqa və oyuncaqları soyuducunun aşağı gözündə 2-3 saat saxlamaq lazımdır, çünki soyuq əşya damaqdakı ağrı və qaşınmanı müəyyən qədər azaltmaq xüsusiyyətinə malikdir. Eyni məqsədlə təmiz tənzif parça, yumşaq diş fırçası, uşaqlar üçün nəzərdə tutulmuş ağrıkəsici və keyləşdirici təsirə malik gellərdən də istifadə etmək olar.