Uşaqlarda Diş Qıcırtması (Bruksizm): Səbəbləri, Riskləri və Müasir Yanaşma Həkim Nərmin Əzizova
Diş qıcırtması — tibbi dildə bruksizm — uşaqlarda xüsusilə yuxu zamanı yuxarı və aşağı dişlərin istəmədən bir-birinə sürtülməsi ilə xarakterizə olunur. Təxminən hər 10 uşaqdan 3-də rast gəlinən bu hal çox vaxt keçici olsa da, bəzən ciddi tibbi və ya psixoloji səbəblərin göstəricisi ola bilər.
Əsas səbəblər
Bruksizmin yaranmasına müxtəlif faktorlar təsir edir. Ən çox rast gəlinənlər bunlardır:
• Stress və emosional gərginlik — bağçaya və məktəbə yeni başlama, ailədaxili gərginlik, sosial dəyişikliklər.
• Diş və çənə problemləri — nizamsız dişlər, çürüklər, düzgün bağlanmayan dişlər.
• Refluks və həzm pozğunluqları — xüsusilə gecə qida geri qaçması hallarında.
• Allergiyalar və parazitlər — burun tıxanıqlığı, qıl qurdu (enterobioz) və ağızdan nəfəs alma hallarında daha çox görülür.
Stressin rolu
Uşaqlarda diş qıcırtmasının ən önəmli səbəbi psixoloji gərginlik sayılır. Yeni mühit, ailə daxilində dəyişiklik və ya məktəb adaptasiyası kimi hallar uşaqlarda stress yaradır və bu, yuxu zamanı diş sıxma ilə nəticələnə bilər.
Əlamətlər və ağırlaşmalar
Bruksizm zamanı dişlərin sürtünmə səsləri, səhər çənə ağrısı, diş minasında aşınma, yanaq və dil toxumalarında zədələnmə müşahidə oluna bilər. Uzunmüddətli halda dişlərdə həssaslıq, çənə oynağı ağrısı və üz əzələlərində gərginlik yarada bilər.
Dünya statistikası və ÜST tövsiyələri
Araşdırmalara görə, uşaqlarda bruksizmin qlobal rastgəlmə tezliyi 20–30 % arasında dəyişir. Ümumdünya Səhiyyə Təşkilatı uşaqlarda bu vəziyyətin qarşısını almaq üçün müntəzəm diş müayinəsini, stress və yuxu rejiminə nəzarəti, həmçinin psixososial rifahın qorunmasını tövsiyə edir.
Müalicə və yanaşma
Müalicə səbəbdən asılıdır. İlk növbədə diş həkimi müayinəsi aparılmalı, diş çürükləri və diş sıralanması qiymətləndirilməlidir. Əgər səbəb stressdirsə, psixoloqla məsləhətləşmə vacibdir. Parazitar və ya refluks hallarında uyğun tibbi müalicə təyin olunur. Lazım gəldikdə qoruyucu “night guard” aparatlardan da istifadə edilir.
Nəticə
Diş qıcırtması uşaqlarda çox vaxt keçici olsa da, bəzən ciddi sağlamlıq problemlərinin ilkin siqnalı ola bilər. Valideynlər uşaqlarının yuxu zamanı dişlərini qıcırdıb-qıcırdatmadığını müşahidə etməli və şübhə yaranarsa, həkimə müraciət etməlidirlər.
İstinadlar
- Zieliński G. və b. Global Prevalence of Sleep and Awake Bruxism in Pediatric Populations. PMC, 2024.
- Bulanda S. və b. Sleep Bruxism in Children: Etiology and Treatment. MDPI, 2021.
- Seraj B. və b. Prevalence of Bruxism and Correlated Factors in Children. PMC, 2010.
- WHO Oral Health Unit. Guidelines on Oral Health Promotion for Children and Adolescents. WHO, 2023.
Həkim, Nərmin Əzizova – K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların Reanimasiya və İntensiv Terapiya şöbəsinə həkim-neonatoloqu




