DİN həkim-narkoloq axtarır
Daxili İşlər Nazirliyi (DİN) Tibb İdarəsinin müalicə – profilaktika müəssisələrində vakant olan 3 həkim-narkoloq vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
DİN-dən Trend-ə verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil almış, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə onların qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2018-ci il aprel ayının 5-dən may ayının 5-dək http://www.mia.gov.az/index.php?/az/content/29942 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin medical@mia.gov.az elektron ünvanına göndərməlidirlər.
Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
şəxsiyyət vəsiqəsi;
ali təhsil haqqında diplom;
hərbi bilet (kişilər üçün);
əmək kitabçasının surəti.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012) 590-20-59
(012) 590-20-94.
Trend