“Diabet: Ailənizi qoruyun!” adlı maarifləndirici aksiya keçirilib

Bu gün Bakıda 14 Noyabr – Ümumdünya Diabet Gününə həsr olunmuş “Diabet: Ailənizi qoruyun!” adlı maarifləndirici aksiya keçirilib.

e-tibb.az-ın Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinologiya Mərkəzi, Azərbaycan Diabet Liqası və “Novo Nordisk” şirkətinin birgə təşkilatçılığı ilə “Park Bulvar”da “Diabet: Ailənizi qoruyun!” adlı aksiyanı İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə açıb. O bildirib ki, bu günün qeyd olunması ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb və 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur: “Bu günün keçirilməsində məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları ilə bağlı məlumatlandırmaqdır, çünki şəkərli diabetlə mübarizə hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biridir”.

Qeyri-infeksion xəstəliklərin, o cümlədən şəkərli diabetin qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açan S.Babazadə İSİM tərəfindən əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdırıb.

Azərbaycan Diabet Liqasının sədri, Respublika Endokrinologiya Mərkəzinin həkim-endokrinoloqu Yeganə Sultanova vurğulayıb ki, maarifləndirici aksiyanın təşkilində əsas məqsəd ictimaiyyətin diqqətini şəkərli diabetin profilaktikasına və sağlam qidalanmanın şəkərli diabet xəstələri üçün həyati önəm daşıdığına yönəltməkdir.

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin meneceri Nigar İsmayılova aksiya iştirakçılarına sağlam həyat tərzi keçirməyin və fiziki aktiv olmağın əhəmiyyəti barədə ətraflı məlumat verib, qeyri-sağlam qidalanmanın artıq çəkinin artmasına səbəb olduğunu, bunun da bilavasitə şəkərli diabetin yaranmasına təkan verdiyini nəzərə çatdırıb.

Aksiya zamanı Respublika Endokrinologiya Mərkəzinin mütəxəssisləri tərəfindən arzu edən şəxslərdə qanda şəkərin miqdarı yoxlanıldı və nəticələr əsasında onlara lazımi tövsiyələr verilib.

Sağlam qidalanma guşəsində gündəlik istifadə olunan məhsulların tərkibindəki karbohidratın və qlükozanın miqdarı əhalinin diqqətinə çatdırılıb. Eyni zamanda, aksiya zamanı maarifləndirici viktorina keçirilib və qaliblər mükafatlandırılıb.

Azərbaycan Diabet Liqasının şəkərli diabetli uşaqlardan ibarət “Şirin balalar” rəqs qrupunun ifaçıları çıxış edərək hər kəsi fiziki fəal olmağa çağırıblar.

Aksiya iştirakçılarına İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar paylanılıb.