Dermatofagiya narahatlıq doğuran psixoloji pozuntudur
Bakı, 26 iyul, AZƏRTAC
Bəzən həyatda dodaq, barmaq və s. hissəsindəki dərini qoparanlarla rastlaşırıq. Bu davranış əslində psixoloji pozuntudur və ona düçar olanlar hətta bədəninin müxtəlif nahiyələrində dərini qoparıb yeyirlər. Həmin xəstəlik dermatofagiya adlanır. Mütəxəssislər hesab edirlər ki, bu kimi hallar əsasən psixoloji çatışmazlıq əlamətidir.
AZƏRTAC xəbər verir ki, psixoloq Rafiq Allahverdiyev deyib: “Adətən dərini soyub atmaq və yaxud dərini qısmən qoparıb yemək halları daha çox müşahidə olunur. Onlar dəri örtüyünü dırnaqları ilə qopararaq bəzən yeyir, bəzən isə atırlar. Bir sıra hallarda saçın qoparılması halları da müşahidə edilir. Bu keyfiyyətlər əsasən xanımlara aiddir, kişilərdə bu, o qədər də müşahidə olunmur”.
Həmin xəstələrin yedikləri hissədə dərinin nəzərəçarpacaq qalınlaşması əmələ gəlir. Onun səbəbi bədənin dəri itkisinə və yaralara reaksiyasıdır. Bu davranış bəzən çox ağrılı ola bilir.
“Həmin xəstəliyə düçar olanlar özlərindən başqa hamını ittiham edir ki, guya onun rahatlığını pozurlar və onu başa düşə bilmirlər. Onların ən böyük problemi hormonlarla əlaqədardır. Onların hormonları daha çox və daha sağlamdır, lakin onların yaşadıqları ilə, gerçəkliklə gözləntiləri uyğun deyil”,- deyə psixoloq bildirib.
Canavarlar tələyə düşdükdə stresslə əlaqədar olaraq öz dərilərini dişləri ilə dartıb yeyə bilirlər. Ona görə də bu xəstəliyə el arasında “qurd dişləməsi” də deyirlər. Bu davranışın vərdişə çevrilməsi narahatlıq doğuran bir məqamdır.