Dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olan hər bir insana zəruri müayinə, müalicə təqdim edilir

Dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə daxil olan hər bir insana zəruri müayinə, müalicə təqdim edilir.

Bu barədə brifinq zamanı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, bu ilin yanvar ayında 18, fevralda 20, mart ayının bitmiş dövrü ərzində isə 6 nəfər dəm qazı zəhərlənməsi ilə şöbəyə daxil olub. Zəhərlənənlərdən 70 faizi qadınlar olub. Zəhərlənənlər arasında 25-40 yaşarası vətəndaşlar üstünlük təşkil edirlər. Toksikologiya şöbəsində dəm qazı zəhərlənməsindən ölüm faktı qeydə alınmayıb, xəstələr müayinə və müalicələrdən sonra evə buraxılıblar.

Dəm qazı zəhərlənmələrinin əksəriyyətinin hamam otağında baş verdiyini vurğulayan şöbə müdiri əhaliyə bununla bağlı tövsiyə və xəbərdarlıq edib. Qaz cihazı olan yerlərdə vətəndaşlar diqqətli olmalı, qaydalara riayət edilməlidir. Əgər dəm qazından zəhərlənmiş xəstənin huşu özündədirsə, onu təmiz havaya çıxarmaq zəruridir. Zəhərlənmə nəticəsində bədən temperaturu düşdüyü üçün həmin şəxsin üstünü örtmək, ona isti içki vermək lazımdır. Sonra isə zərərçəkəni həkim müayinə etməlidir. Huşu özündə olmayanların isə dərhal qapalı mühitdən çıxarılmasından sonra mümkünsə nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı