Daun sindromlu uşaqlar üçün yaz düşərgəsinin başa çatması münasibətilə tədbir keçirilib
Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, sosial xidmətlərlə təmin olunması, cəmiyyətə inteqrasiyası və onların valideynlərinə psixo-sosial dəstəyin göstərilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Daun sindromlu uşaqlar üçün təşkil etdiyi 10 günlük yaz düşərgəsinin başa çatması münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində keçirilən tədbirə 25 uşaq valideyni ilə qatılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edib, öz ürək sözlərini bildirib.
Sonra düşərgədə on gün ərzində göstərilən xidmətlər və uşaqların fəaliyyəti haqqında videoçarx təqdim olunub.
Daha sonra qonaqlara uşaqların təqdimatında rəqs kompozisiyaları nümayiş etdirilib.
Sonda iştirakçı uşaqlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, düşərgədə hər gün psixoloq, sosial işçi və təlimçilər tərəfindən inkişafetdirici təlimlər, interaktiv oyunlar, eləcə də art-terapiya, idman məşğələləri, rəqs dərsləri, eyni zamanda iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncə proqramı, maraqlı ekskursiyalar təşkil olunub.