Daima yaddaşlarımızda yaşayacaq dünya şöhrətli pediatrımız ...

“Azərbaycan mənim ikinci Vətənim yox, iki vətənimdən biridir. Mən Azərbaycanın hər uğuruna sevinirəm.” – İhsan Doğramaçı.

İhsan Doğramaçı — Türkiyə Cumhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, dünya şöhrətli pediatr. AMEA-nın fəxri üzvü.

İhsan Doğramacı 1915-ci il aprelin 3-də o vaxt Osmanlı İmperiyasının tərkibində olan İraqın Ərbil şəhərində anadan olub. Orta məktəbi Beyrutda, ali məktəbi Bağdad və İstanbulda bitirib.

İhsan Doğramacı İstanbul Tibb Fakültəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olmuşdur. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttəpə Tibb və Səhiyyə Elmləri fakültəsinin, Hacəttəpə Universitetinin yaranmasında böyük rol oynamışdır.

İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963-1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965-1967), Hacəttəpə Universitetinin rektoru (1967-1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir.

Qeyd edək ki, hal-hazırda dünyanın ən məşhur xəstəxanalarından olan Hacettepe Uşaq Xəstəxanası – dünya şöhrətli həkimimiz İhsan Doğramaçının adını şərəflə daşımaqdadır.

1964-1973-cü illər arasında Avropa Rektorlar Konfransının idarə heyətinin üzvü, 1981-ci ildən bu günə qədər Millətlərarası Ali Təhsil Konfransında idarə heyətinin üzvü, sədr və fəxri sədr vəzifələrində çalışan İhsan Doğramacı bu yolla bir çox ölkələrin ali təhsil idarəetmə sistemlərini yaxından öyrəndi.

1981-1992-ci illər arasında Ali Təhsil Qurumunun sədri olan İhsan Doğramacı vəfatınadək Bilkənd Universitetinin heyət sədri vəzifəsini icra edirdi.

İhsan Doğramacı Hindistan Milli Tibb Akademiyası, Fransa Tibb Elmləri Akademiyası, Amerika Pediatr Akademiyası, Azərbaycanın Milli Elmlər Akademiyasının fəxri üzvü olmuşdur.

Dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların nüfuzlu mükafatlarını almış İhsan Doğramacı 2000-ci ildə Azərbaycanın “İstiqlal” ordeni ilə, 2005-ci ildə isə Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunmuşdur.

2006-cı ildə türk dünyasının görkəmli şəxsiyyətlərindən biri olan professor İhsan Doğramaçının Azərtac-a müsahibəsini dəyərli izləyicilərimizə təqdim edirik:

-İhsan bəy, Azərbaycan xalqı Sizi tibb elminə böyük töhfələr vermiş bir alim olmaqla yanaşı, ölkəmizi sevən bir insan və xalqımızın ümummilli lideri Heydər Əliyevin dostu kimi tanıyır.

-Bəzən mənə deyirlər ki, Azərbaycan sənin ikinci Vətənindir. Mən isə cavab verirəm, Azərbaycan mənim ikinci Vətənim yox, iki vətənimdən biridir. Mən Azərbaycanın hər uğuruna sevinirəm.

Bakı ilə ilk tanışlığım 1968-ci ildə olmuşdur. O zaman, Dünya Pediatrlar Cəmiyyətinin rəhbəri kimi Moskvada konfransda iştirak edirdim. Konfransın proqramına uyğun olaraq, məni Leninqrada da dəvət etmişdilər. Mən isə Bakıya getmək istədiyimi bildirdim.Nəhayət ki, xahişimi qəbul etdilər. Məni müşayiət edən SSRİ Pediatrlar Cəmiyyətinin sədri Bakıya uçan təyyarədə azərbaycanlılarla söhbət etdiyimi görüb dedi: Siz Azərbaycan dilini bilirsinizmi? Cavab verdim ki, bizim dilimiz birdir. Bakıda məni və xanımımı böyük hörmətlə qarşıladılar. O zamandan Azərbaycan mənim Vətənimdir.

Mənim üçün də doğma olan Azərbaycanda son illər iqtisadi, siyasi, mədəniyyət və sosial sahələrdə böyük nailiyyətlər qazanılmışdır. Tibb sahəsində də uğurlar vardır. Bunlar məni çox sevindirir. Bu yaxınlarda Bakıda keçirilmiş Türk dünyası pediatrlarının VI konfransında səhhətimlə bağlı iştirak edə bilməsəm də, tədbir iştirakçılarının mənə ünvanladığı məktub və Azərbaycan Dövlət Teleqraf Agentliyi – AZƏRTAC-ın faksla göndərilmiş xəbəri məni çox məmnun etdi.

Azərbaycan xalqı istedadlı xalqdır. 1994-cü ildə mən Bilkənt Universitetini yaradarkən, Bakıya getdim və incəsənət kafedrasının qurulmasını azərbaycanlı sənətşünaslara həvalə etdim. O vaxt Azərbaycan opera, balet, teatr sənətində Türkiyədən daha irəlidə idi…

-İhsan bəy, Sizin Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə dostluğunuz ölkəmizdə və Türkiyədə bir örnək sayılır…

-Heydər Əliyev kimi şəxsiyyətlər dünyaya çox nadir gəlir. Onun həyatına və fəaliyyətinə baxsaq, bunu görə bilərik. Bir azərbaycanlı, türk olan insanın Sovetlər dövlətində bu qədər yüksək mövqeyə sahib olması, eyni zamanda azərbaycalılığını və türklüyünü heç zaman unutmaması məndə ona qarşı böyük rəğbət doğurmuşdu. Mən Heydər Əliyevi yaxından tanıdıqda ona heyran oldum və biz dost olduq. Onun hələ məktəb illərində türk yazıçılarının romanlarını oxuduğunu, türk dilini necə sevdiyini bilirəm. Siyasi Büronun üzvü olarkən də bir türk respublikası Qazaxıstana rus millətindən birinin birinci katib təyin edilməsinə qəti etirazını bildirməsi də bu dahi şəxsiyyətin türk dünyasına böyük sevgisinin təzahürü idi.

Heydər Əliyevin mənim yubileylərimi Azərbaycanda dövlət səviyyəsində keçirməsindən, məni “İstiqlal” ordeni ilə təltif etməsindən qürur duyuram. Onun vəfatından sonra Prezident İlham Əliyevin mənə “Heydər Əliyev ordenini” təqdim etməsi dostluğumuzun bir rəmzi oldu. Bütün bunlar mənim üçün böyük şərəfdir.

Türk dünyasının görkəmli şəxsiyyəti professor İhsan Doğramaçı 25 fevral 2010-cu il tarixdə Ankarada vəfat etmişdir.

Allah rəhmət eləsin !!!

 

Pediatriya.az