Daha əvvəl də işgəncə görən körpənin anasına verilməsi səbəbi nə olmuşdur?

2023-cü il təvəllüdlü Musa Rəhimov xalası Şahanə Ağayeva tərəfindən işgəncəyə məruz qaldığı üçün Sosial Xidmətlər Agentliyinin 22 iyul 2024-cü il tarixli qərarı ilə Körpələr Evinə yerləşdirilib.
Oxu.Az bildirir ki, bu barədə APA-ya Nəsimi Rayon Məhkəməsindən bildirilib.
Qeyd edilib ki, Ağdam Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərarı ilə anlaqsız vəziyyətdə əməl törətmiş Şahanə Ağayeva barəsində tibbi xarakterli məcburi tədbir tətbiq olunub. Bundan əlavə, həmin məhkəmənin 12 mart 2025-ci il tarixli qətnaməsi ilə valideynlər – Rəhimov Sadiq Azay oğlu və Rəhimova Sevinc Telman qızının nikahı pozulub və azyaşlının anasının yanında saxlanılması müəyyən edilib.
Bundan sonra Sevinc Rəhimova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək övladının Körpələr Evindən götürülərək ona verilməsini xahiş edib. Məhkəmə iclasında 1 saylı Körpələr Evinin nümayəndəsi iddia tələbinə etiraz etməyib, Sosial Xidmətlər Agentliyinin nümayəndəsi isə uşağın valideyn himayəsinə qaytarılmasına hüquqi məhdudiyyət olmadığını bildirib.
Nəticədə Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli qətnaməsi ilə Musa Rəhimovun Körpələr Evindən alınaraq anası Sevinc Rəhimovaya verilməsi qərara alınıb.
Ağdamda valideynləri tərəfindən işgəncəyə məruz qalan azyaşlılardan biri Bakıya gətirilib.
Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilən məlumata görə, uşaq cərrahiyyə əməliyyatı olunub. Hazırda reanimasiyadadır və müalicəsi süni tənəffüslə davam etdirilir.
Valideynləri tərəfindən şiddətə məruz qalan azyaşlının qonşuları Baku TV-yə danışıblar.
“Gecələr uşağı döyürdülər. Şillə ilə vururdular, zülm edirdilər. Soyuq su ilə çimizdirirdilər. Bunu öz gözlərimlə görmüşəm”, – deyə qonşu bildirib.