“COVID-19 pandemiyası zamanı hamilələr və yenidoğulmuşlar” mövzusunda seminar keçirilib
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-dıə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının birgə təşkilatçılığı ilə həkimlər üçün seminar keçirilib.
“COVID-19 pandemiyası zamanı hamilələr və yenidoğulmuşlar” mövzusunda həkimlərin bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən seminarda pediatr, neonatoloq və infeksionist ixtisası üzrə çalışan 50-dən çox həkim iştirak edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov Azərbaycanda COVID-19 infeksiyasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən tədbirlər və pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması istiqamətində görülən işlərdən danışıb. Koronavirusla mübarizədə həkimlərin və tibb işçilərinin yüksək fədakarlıq göstərərək çalışdıqlarını bildirib. A.İsmayılov əlavə edib ki, tibb işçilərini bir araya gətirən belə tədbirlər həm də tibb sahəsində müxtəlif yeniliklər haqqında fikir mübadiləsinin aparılmasına və həkimlərin öz təcrübələrini bir-biri ilə bölüşməsinə imkan yaradır.
Daha sonra KOICA Azərbaycan nümayəndəliyinin direktoru Mun Conq Hyun çıxış edərək Azərbaycandakı səhiyyə qurumları ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Qeyd olunub ki, pandemiya dövründə infeksiyanın qarşısının alınması prosesi sahəsində ixtisaslaşmış ölkələrin öz təcrübələrini digər ölkələrlə bölüşməsi koronavirusla mübarizədə olduqca əhəmiyyət kəsb edir. Bildirilib ki, pandemiya dövründə KOICA tərəfindən koronavirusla mübarizə mövzusunda həkimlər və orta-tibb işçiləri üçün mütəmadi olaraq onlayn seminarlar təşkil olunub. Daha sonra tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov, TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Elmir Bəşirov və Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxış ediblər.
Seminarda 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Respublika Perinatal Mərkəzi, Klinik Tibbi Mərkəzi, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və digər tibb müəssisələrinin həkimləri iştirak edib.
Tədbirdə koronavirus infeksiyasının dölə teratogen təsiri”, “COVID-19-un hamilələrdə kliniki gedişatı”, “COVID-19 keçirən hamilələrdə feto-plasentar dəyişkənliklər”, “Hamiləlikdə COVID-19 infeksiyası ilə əlaqəli suallar və cavablar”, “Yenidoğulmuşlarda MİS-N sindromu”, “Pandemiyada hamilələrə yanaşmamız”, “Hamiləlikdə COVID-19 ilə bağlı trombotik ağırlaşmalar”, “COVID-19 infeksiyasının hamiləlik və dölə təsiri”, “COVID-19 keçirmiş analardan doğulan yenidoğulmuşların qidalanması” mövzularında təqdimatlar dinlənilib.
Qeyd edək ki, seminar cari il aprelin 4-də agentlik və KOICA arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində keçirilib. Anlaşma Memorandumu Azərbaycanda COVID-19 pandemiyasına qarşı cavab tədbirlərinin gücləndirilməsi istiqamətlərini əhatə edir. İstiqamətlərdən biri də COVID-19 pandemiyası dövründə hamilələr və yenidoğulmuşlar üzrə maarifləndirmə kampaniyasının təşkilidir.