COVID-19 əleyhinə vaksinasiyadan keçənlərdə ağciyərin zədələnməsi və “buzlu şüşə”nin əhatə dairəsi daha kiçik olur

Bakı, 2 sentyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında tələbələrlə mövcud pandemiya şəraitində yeni növ vaksinasiyanın vacibliyinə həsr olunan onlayn görüş keçirilib. Onlayn görüşdə ATU-nun professor-müəllim heyətində təmsil olunan tanınmış mütəxəssislər iştirak ediblər.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, ictimai səhiyyə fakültəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə çıxış edən fakültənin dekanı, professor Anar Ağayev hər kəsin özünü və yaxınlarını qorumağın yeganə yolunun vaksinasiya olduğunu bildirib.

Yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev son dövrlər dünya miqyasında koronavirusun artma sürətinin yüksəldiyini deyib: “Bütün Avropa dövlətlərində, eləcə də yaxın qonşularımızda və ölkəmizdə koronavirusla xəstələnmə halları artıb. Bunun neçənci dalğa olmasının fərqi yoxdur. Gözümüzün qarşısında xəstələnmə və yoluxma halları baş verir. Eyni zamanda, xəstəliyin gedişində müəyyən dəyişikliklər meydana çıxır. Əvvəllər hesab edirdik ki, xəstəlik ancaq yaşlı və yanaşı xəstəliyi olan insanlarda daha ağır keçir. İndi isə gənclərdə bu xəstəliyin ağır, uzunmüddətli qızdırma ilə müşayiət olunan formalarına rast gəlinir. COVID-19-dan qorunmağın və xəstəliyi yüngül keçirməyin ən etibarlı vasitəsi vaxtında vaksinasiyadan keçməkdir”.

Vaksinasiya olunanların da koronavirusa yoluxmaqdan sığortalanmadığına diqqətə çatdıran C.İsayev qeyd edib ki, vaksinin əsas üstünlüyü xəstəliyin yüngül keçməsini təmin etməsidir. Peyvəndlənəndən sonra da bütün qoruyucu vasitələrdən istifadə etməyin vacibliyini vurğulayan mütəxəssis, səhiyyə sisteminin gələcək qurucuları olan tibb tələbələrini pandemiyaya qarşı mübarizəyə öz töhfələrini verməyə çağırıb.

Tələbələrlə onlayn görüşdə çıxış edən ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirib ki, koronavirusun ən çox zərər verdiyi orqan ağciyərdir. O, ilyarımdan artıqdır ki, tüğyan edən koronavirus infeksiyasının bütün həyatımızda, o cümlədən tədris prosesində bir çox məcburi dəyişikliklərin yaranmasına səbəb olduğunu söyləyib. Diqqətə çatdırıb ki, tənəffüs infeksiyaları, xüsusən də koronavirus yoluxma göstəriciləri yüksək olan bir infeksiyadır. Həkim-pulmonoloq insanları təşvişə salan “buzlu şüşə” sindromu üzərində ayrıca dayanıb: “Buzlu şüşə” radioloji termindir, ağciyərlərdə iltihabi bir prosesdir. Ağciyər toxumasının sıxlaşması, şüanı keçirmək qabiliyyətinin zəifləməsi nəticəsində kompüter tomoqrafiya müayinəsi zamanı ağciyərin dumanlı, buzlu şüşə kimi tam aydın olmayan görüntüsünün məcazi ifadəsidir. Neçə illərdir ki, kompüter tomoqrafiyası zamanı “buzlu şüşə” görüntüsü spesifik və qeyri-spesifik iltihabi xəstəliklərdə müşahidə edilib. Yəni “buzlu şüşə” görüntüsü tam yeni və yalnız koronavirusda olan bir hal deyil”.

R.Bayramov “buzlu şüşə” görüntüsündə zədələnmə faizini hesablamağın konkret bir düsturu olmadığını qeyd edib: “Yəni nisbi olaraq ağciyərlərin hansısa bir hissəsinin zədələnməsini göstərmək olar. Koronavirus pnevmoniyası zamanı ağciyərlərdə olan “buzlu şüşə”nin xarakterik bir görüntüsü var. Adətən ağciyərin aşağı paylarını əhatə edir. Bəzi hallarda bütöv ağciyər sahələrini də tuta bilər. COVID-19 infeksiyası və onun istər “alfa”, istər “beta”, istərsə də “delta” ştamında “buzlu şüşə” görüntüsü ilə rastlaşırıq. Bu cür infeksiyalarla, pandemiyalarla mübarizədə vaksinasiyanın rolunun danılmaz olduğunu qeyd edə bilərəm. Çünki gündəlik praktikamızdan da görürük ki, vaksinasiya olunmuş şəxslərdə ağciyərin zədələnməsi və “buzlu şüşə”nin əhatə dairəsi daha kiçik olur. Ağciyərlərin müayinəsi zamanı adətən “buzlu şüşə” görüntüsü müşahidə olunmur. Yəni proses yuxarı tənəffüs yollarında bitir”.

Həkim onu da vurğulayıb ki, ikinci dozanı qəbul etmələrindən iki həftədən artıq müddət keçmiş şəxslərdə koronavirus çox süst, az simptomlu olur R.Bayramov həqiqəti əks etdirməyən, insanlarda təşviş doğuran yanlış məlumatlara ciddi yanaşmamağı məsləhət görüb və peyvəndləməni pandemiyaya qarşı mübarizədə ən səmərəli vasitə kimi dəyərləndirib.

Epidemiologiya kafedrasının dosenti Elman Vahabov bildirib ki, vaksinasiyaya inamsızlığın əsasında sosial şəbəkələrdə yayılan dezinformasiyalar və vaksin haqqında bilgilərin az olması dayanır. Qeyd edib ki, ümumiyyətlə, vaksinlər kəşf olunana qədər uşaqların kütləvi tələf olması baş verirdi. Vaksinlərin kəşfindən sonra bir sıra xəstəliklərin kökü kəsilib. Peyvəndlərə qarşı əks-göstərişlərin də olduğunu söyləyən epidemioloq onları şərti olaraq mütləq və nisbi əks-göstərişlər kimi səciyyələndirib. Bildirib ki, nəinki bütövlükdə vaksinə qarşı, hətta onun hansısa komponentinə qarşı allergiya müşahidə olunarsa, bu, vaksinasiyaya əks göstərişdir.

Tibbi mikrobiologiya və immunologiya kafedrasının tədris hissə müdiri, dosent Həyat Əliyevanın sözlərinə görə, vaksinasiyanın əhəmiyyətini başa düşmək üçün ilk növbədə “vaksin nədir” sualına aydınlıq gətirilməlidir. Vaksinasiyada məqsədin nədən ibarət olmasını, bunu niyə etdiyimizi bilməliyik. Onun orqanizmimizi necə qoruduğuna əmin olmalıyıq. Bilməliyik ki, bütün vaksinlər bir məqsədə – anticisimlərin yaranmasına xidmət edir. Əsas funksiyası virusu neytrallaşdırmaqdır. Əgər anticisim varsa, virusu tutub neytrallaşdıracaq.

Tədbirdə çıxış edənlər pandemiya dönəmində tibbi maskadan istifadə, ara məsafəni saxlamaq və əl gigiyenasına əməl etmək kimi üç qızıl qaydanın zəruriliyini dönə-dönə xatırladıblar. Mütəxəssislər vaksinasiyaya qarşı inamsızlığı aradan qaldırmağın yollarından da söhbət açıblar. Eyni zamanda, tələbələri təkcə vaksinasiya olunmaqla kifayətlənməməyə, gələcəyin səhiyyə mütəxəssisləri olaraq pandemiyaya qarşı mübarizənin önündə getməyə çağırıblar.

Onlayn görüş zamanı tədbir iştirakçılarının çoxsaylı sualları da cavablandırılıb.