Çində koronavirusa yoluxanların sayı 9692 nəfərə, ölənlərin sayı isə 213-ə çatıb
Pekin, 31 yanvar, AZƏRTAC
Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 9 min 692 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 213-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Virusa yoluxanlardan 1527 nəfərin vəziyyəti ağırdır. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 15 min 238 nəfərə çatıb. İndiyədək 176 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölüm hallarının 204-ü virusun aşkarlandığı və ən çox yayıldığı (5806 nəfər) Xubey vilayətində qeydə alınıb. Virusa yolxuanlarla yaxın ünsiyyətdə olmuş 102 min 427 nəfər də həkim nəzarəti altındadır.
Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin və İtaliyada ümumilikdə 100-ə yaxın adamın virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Xubey sakinləri, ya da bu yaxınlarda Xubeydə səfərdə olanlardır.
Dünya Səhiyyə Təşkilatının (DST) fövqəladə komitəsinin yanvarın 30-da keçirilmiş iclasında yeni növ koronavirusla bağlı qlobal fövqəladə vəziyyət elan olunub.
Qeyd edək ki, koronavirusun yeni ştammına (nCoV-2019) dünya üzrə yoluxma hallarının sayı 17 il bundan əvvəl tüğyan etmiş Şiddətli Kəskin Respirator Sindromu (SARS) pandemiyasını aşıb. DST-nin məlumatına görə, SARS virusuna 2002-2003-cü illərdə 8096 nəfər yoluxmuş, 774 nəfər ölmüşdü.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin