“Buster” doza ilə peyvəndlənmək xüsusilə immuniteti zəif olanlar üçün tövsiyə olunur
Bakı, 15 dekabr, AZƏRTAC
Peyvəndlər orqanizmin immunitet sistemini gücləndirir. Yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən peyvəndlər nəticəsində orqanizmdə yaranan anticisimlər müəyyən vaxtdan sonra azalmağa başlayır. Lakin bir sıra xəstəliklərə qarşı olan bəzi vaksinlər orqanizmdə ömürlük immun cavab yaradır.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, reanimatoloq İsrail Məhərrəmbəyli nazirliyin instaqram hesabında COVID-19 mövzusunda danışarkən deyib.
Həkim-mütəxəssis bildirib ki, COVID-19 virusu ilə bağlı elmi-tədqiqat işləri başa çatmayıb: “Yəni, hələ peyvəndlərlə bağlı da araşdırma aparılır. İstehsal edilmiş vaksinlərin orqanizmdə yaratdığı immunitetin müəyyən vaxtdan sonra azaldığını nəzərə alaraq, vətəndaşlar iki doza vaksin aldıqdan 5-6 ay sonra növbəti dozanı vurdurmalıdırlar. “Buster” doza xüsusilə immuniteti zəif olanlar üçün tövsiyə olunur. Koronavirus xəstələrinin qorxmasına, stres keçirməsinə ehtiyac yoxdur. Sadəcə, tövsiyələri dinləmək və əməl etmək lazımdır. Nəzərə almaq lazımdır ki, iki-üç doza vaksin vurdurmaqla vətəndaşlar COVID-19-a yoluxmaqdan sığortalanmırlar. Sadəcə olaraq, vaksin vurdurmuş xəstələr infeksiyanı digərlərinə nisbətən çox yüngül keçirirlər. Ona görə də vətəndaşların vaksinasiyaya prosesinə qoşulması ciddi şəkildə tövsiyə olunur”.