“Buster” doza ilə peyvəndlənmə “Peyvənd sertifikatı”nın müddətinə təsir göstərmir
Bakı, 20 dekabr, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndin üçüncü dozasının, yəni “buster” dozanın vurulması “Peyvənd sertifikatı”nın müddətinə təsir göstərmir. “Buster” doza ilə peyvəndləmə vətəndaşın yalnız “İmmunitet sertifikatı”nın müddətinə təsir göstərə bilər.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Məlumata əsasən, COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet sertifikatı” əldə etmiş vətəndaş 6-cı aydan başlayaraq sertifikatın qüvvədəolma tarixi bitdikdən sonra yalnız 56 gün müddətində “buster” doza vurdura bilər. “Buster” dozanı vurdurmaqla vətəndaşın “İmmunitet sertifikatı” müddətsiz olur.
Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına əsasən, “Peyvənd sertifikatı” müddətsiz olduğu halda, “buster” doza vurdurmadan verilən “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti isə 6 aydır. “Peyvənd sertifikatı” COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran vətəndaşlara verilir. Əgər şəxs 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurdurursa, vətəndaşın “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edir.