“Britaniya Tibb Jurnalının Klinik Qərara Dəstək Təlim Təşəbbüsü” fəaliyyətə başlamışdır
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Britaniya Tibb Jurnalı (BMJ) Azərbaycan tibb mütəxəssislərinə özünün “BMJ Best Practice” və “BMJ Learning” resurslarına çıxış üçün şərait yaratmışdır. Bu onlayn resurslar BMJ-nin Klinik Qərara Dəstək Təlim Təşəbbüsü Layihəsi çərçivəsində təklif edilir və mütəxəssislərə sübutlara əsaslanmış məlumatlar əsasında araşdırmalar aparmaqda kömək edir. Həmin proqram Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya edilmişdir. Beləliklə, Azərbaycan həkimləri Davamlı Tibbi Təhsil (DTT) krediti əldə etmək üçün bu resurslardan rəsmi olaraq istifadə edə bilərlər. Saytda 500-ə qədər mövzu Azərbaycan dilindədir.
Britaniya Tibb Jurnalı (BMJ) artıq 170 ildir fəaliyyət göstərir. Bu gün, dünyada geniş auditoriyası olan qlobal bir brend kimi, BMJ səhiyyə təşkilatları və tibb işçilərinə gündəmdə olan ən kritik səhiyyə problemlərini həll etməkdə kömək edir.
“BMJ Best Practice” klinik qərara dəstək aləti olub tibb müəssisələrində sübutlara əsaslanan və daima yenilənən resurslardan istifadə etmək imkanı yaradır. “BMJ Best Practice” 1000-dən artıq ən geniş yayılmış əhəmiyyət kəsb edən xəstəlikləri və 7000-dən artıq diaqnostika və müalicə üzrə beynəlxalq təlimatları əhatə edir. “BMJ Best Practice” tibb işçisini yerində və vaxtında lazımi məlumatlarla təmin edir. Burada real pasiyent aləmini nəzərə almaqla kliniki cəhətdən mühüm olan dəyişkən və həm də pasiyentyönümlü təcrübənin sübutlara əsaslanan məlumatlar üzərində qurulmasına diqqət yetirilir. “BMJ Best Practice”ə kompüterlər, mobil qurğular və oflayn rejimdə IOS və Android app. vasitəsilə daxil olmaq mümkündür.
“BMJ Learning”in tədris materialları müxtəlif formatlarda təqdim olunur. İstifadəçilər video materiallara baxa, podkastları dinləyə, mətn və şəkilli resuraları oxuya və məzmunla müxtəlif yollarla işləyə bilərlər. İlkin bilikləri qiymətləndirmək üçün pretest, real xəstəlik hadisələri və biliklərin artmasını nümayiş etdirmək üçün posttesti özündə birləşdirən interaktiv tədris kursları saytın ən mükəmməl resurslarından biridir. Bu üsul səhiyyə mütəxəssislərinə biliklərini və problemləri həll etmək bacarıqlarını təkmilləşdirmək istiqamətində kömək etməyin ən effektli yoludur. Posttestdən keçən istifadəçilər fərdi sertifikatlar əldə edirlər.
BMJ-nin Klinik Qərara Dəstək Təşəbbüsü çərçivəsində cds.bmj.com saytında qeydiyyatdan keçməklə “BMJ Best Practice” və “BMJ Learning”ə daxil olmaq mümkündür. Qeydiyyatdan keçmək üçün Ə.Əliyev adına ADHTİ üzrə BMJ-nin əlaqələndirici nümayəndəsi olan razidentura şöbəsinin müdiri t.ü.f.d. Rahim Əliyevə də müraciət edə bilərsiz.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı