“Bizim uşaqlarımızı onların ataları qorudu!” – VİDEO+FOTOLAR
Layihə bu dəfə “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil olundu. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tədbirə gələn qonaqları özü qarşıladı. Və şəhid ailələrinə dəstəyini ifadə edərək bildirdi ki, Dövlət Turizm Agentliyi şəhid ailələrinin üzünün gülməsi naminə bütün imkanlarından istifadə etməyə hər zaman hazırdır.
Tədbirin açılışı havaya sülh rəmzi olan göyərçinlərin buraxılması ilə başladı. Daha sonra nəhəng Azərbaycan və Türk bayraqları açılaraq şəhid yaxınları və qonaqlarla bərabər dalğalandırıldı.
Tədbirin idarə olunması peşəkar televiziya aparıcısı Lalə Azərtaşa həvalə edilmişdi. Qonaqlar arasında onun türkiyəli həmkarı, Vətən müharibəsi zamanı reportajlarını xüsusi həssaslıqla təqdim edərək Azərbaycan xalqının da rəğbətini qazanmış Fulya Öztürk də var idi. Şəhid övladlarının ona təqdim etdikləri hədiyyələr Fulya Öztürkü duyğulandırdı.
Dövlət rəsmilərinin, şəhid yaxınları və uşaqların, ictimai xadimlərin, mədəniyyət sahəsinin tanınmış simaların dəvət olunduğu bayramda rəqs və musiqi nömrələri ilə yanaşı şəhidlərin adından övladlara müraciət formasında hazırlanmış “Atadan məktub” adlı video çarxın təqdim edildi.
Şəhidlərin adından səsləndirilən məktub təsirli anlara səbəb oldu. Rəsmi şəxslərdən Müdafiə Nazirliyinin Qadınlar və hərbi qulluqçuların ailələri iş üzrə Zümrüd Səmədzadə, mədəni-kütləvi şöbənin rəis müavini Namiq Cavadov, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovnik leytenantı Hafiz Temirov, Yasamal Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, İkiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev, 26 qat dünya çempionu, 7 qat Avropa çempionu Eduard Məmmədov, xalq rəssamı Əşrəf Heybətov iştirak edib, bu günlə bağlı öz fikirlərini bölüşdülər.
Qələbədən bizə əmanət olan şəhid uşaqlarının milli ruhunu daha da yüksəldən Vətənpərvərlik mövzusu tədbirin əsas xəttini təşkil edirdi. Musiqili qonaq kimi muğam ifaçısı Təyyar Bayramovun oğlu Kənan Bayramov uşaqlar adından Vətənə sevgini ifadə edən “Bayatı-şirazı” səsləndirdi. Əminə Musayevanın rəhbərlik etdiyi2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” uşaq teatrının üzvlərinin ifasında “Xarı bülübül”, “Azərbaycan suitası” adlı rəqslər, eləcə də “Natavan” miniatürası təqdim olundu. Sevilən ulduz Natavan Həbibi qonaqlara öz lirik mahnılarını təqdim etdi. Müğənni Zabitə Səmədova hər zamankı dəstəyini ifası ilə göstərdi. Tədbir “Fireland” productionun layihəsi olan, xalqımızın mübarizə ruhunu ifadə edən və bu əhvala kökləyən “Zəfər marşı” ilə açılmışdı və eyni adlı mahnı ilə də bitdi.
Tədbirin təşklatçısı, “Fireland production”un rəhbəri olan Cəlal Qurbanov 1 iyun Uşaqların müdafisəi günü ilə bağlı keçirilən bayram haqda fikirlərini belə ifadə etdi. “Heç bir bayramı onlarsız təsəvvür etmirəm. Onlar uşaqlıqlarını tam yaşaya bilməyən ürəyi yaralı balalardır. Biz onlara az da olsa ata yoxluğunu hiss etdirməməyə çalışırıq. Təbii ki, qəhrəmanların yerini nə ailələrində, nə də Vətən tarixində heç kim əvəz edə bilməz. Amma bu xalis, əsgər ruhlu gendən olan uşaqlara hər zaman ümid olacaq. Bu uşaqlar gələcəkdə ola biləcək bütün uğurlara, qələbələrə öz imzalarını atacaqlar, soyadlarını yazacaqlar. Çünki, onlar qəhrəman övladlarıdır. Bizim uşaqlarımızı onların ataları qorudular. Şəhid oldular. Artıq onlara bir can borcumuz var”.