“Bizdə aparılan müalicə Amerikadan geri qalmır” - Baş onkoloq (MÜSAHİBƏ)

“Müalicə üçün xaricə gedənlər əvvəl-axır bizə müraciət edirlər”

“Xərçəng xəstələri 28 il yaşaya bilər…”

Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimlinin AzVision.az-a müsahibəsi:

– Azərbaycanda onkoloji xəstəliklərlə bağlı vəziyyət necədir? Xəstələrin sayında artım müşahidə olunurmu?

– Dünyada digər xəstəliklər kimi onkoloji xəstələrin sayında artım müşahidə edilir. Bu, Azərbaycanda da belədir. Onkologiya sahəsində xəstələrin arasında artıma meyillilik var. Lakin burada demoqrafiq göstəricilərə nəzər yetirmək lazımdır. Əhalinin sayı çox olduğu yerlərdə istər-istəməz onkoloji və digər xəstəliklərin sayında artım müşahidə oluna bilər. Bu, gözləniləndir. Bir neçə il əvvəl Azərbaycanın əhalisi 6-7 milyon idisə, o zaman qeydiyyatda 28 min onkoloji xəstə var idi. Bu gün Azərbaycan əhalisinin sayı 10 milyona çatmaq üzrədir və 2017-ci ilə qədər qeydiyyatda olan onkoloji xəstələrin sayı 43927 nəfərdir. Onlardan 17232 nəfəri 5 il və 5 ildən yuxarı yaşayanlardır. Bu, o deməkdir ki, onların içərisində 15, 27, 28, 30 il yaşayanlar da var. Ümumiyyətlə, bu gün insanlar arasında xof yaradıblar ki, onkoloji xəstələr çoxdur, günü-gündən çoxalır. Bu, əsla belə deyil. Yoxlanmağa gələnlərin çoxu xəstənin yaxınlarıdır, onun yanında gələnlərdir. Qıraqdan baxanda isə çox görsənir.

– Belə çıxır ki, onkoloji xəstəliklərin çoxalması insanların sayının artması ilə əlaqədardır…

– Tam olaraq belə demədim. Artım olan yerdə xəstəlik çoxalır. Məsələn, əvvəllər avtoqəzalardan bu qədər ölüm halı olurdumu? Maşınların sayı çoxalıb, avtoqəzalar da çoxalıb, nəticədə ölümlərin sayı artıb.

– Onkoloji xəstəliklərin artmasının digər səbəbləri nədir?

– Onkoloji xəstəliklərin etiologiyası dünyada hələ tam olaraq öyrənilməyib. Yaranma səbəbi də tam məlum deyil. Lakin o demək deyil ki, bütün elm və tibbi texnologiya başının altına yastıq qoyub yatır. Ömür böyu bu xəstəliklə mübarizə gedib və bu gün də gedir, gələcəkdə də gedəcək. Çox böyük nailiyyətlər əldə olunub. İşin içində olanlar müqayisəli şəkildə deyə bilərlər ki, əvvəlki illərlə bu gün arasında nə qədər irəliləyişlər var. Digər tərəfdən müəyyən faktorlar var ki, xərçəng xəstəliyinin əmələ gəlməsində mühüm rol oynaya bilərlər. Məsələn, ekoloji faktorlar, qidalanma, stres və s. Bunların hamısı səbəb ola bilər. 100 faiz xərçəng xəstəliyinin bunlardan əmələ gəldiyini demək düzgün olmazdı.

– Azərbaycanda ən çox hansı orqanın xərçəng xəstəliyi geniş yayılıb?

– Azərbaycanda deyil, bütün dünyada statistik faktdır ki, kişilər arasında ağciyər xərçəngi, traxeya, prostat vəzisi, qadınlar arasında süd vəzisi, uşaqlıq boynunun xərçəngi geniş yayılıb. Məsələn, süd vəzisinin xərçənginin yaranmasında amillər çoxdur. Burada vaxtından tez ərə getmək və ya gec ərə getmək, tez doğmaq, gec doğmaq və ya uşağı əmizdirmək, keçirdiyi infeksiyon xəstəliklər də rol oynayır. Bu faktorları üst-üstə yığanda xəstəliyin yaranmasına səbəb olan amil böyük olur. Problem əhalinin xəstəliklə maariflənməməsidir. Biz onkoloqlar tək qalmışıq. Bununla bağlı maarifləndirmə aparmaqda bizə heç kim kömək etmir. Camaat bu xəstəliklər haqqında məlumatdan uzaqdır. Bu gün onkologiyanın adı gələndə hər kəs birtəhər olur. Amma elə deyil. Bəs o zaman xəstəliyə tutulanlar necə olur ki, 28 və ya 22 il yaşayır?

– Bizdə belə fikir formalaşıb ki, onkoloji xəstəliyə tutulan insan mütləq öləcək, onun sağalma şansı çox azdır. Bu haqda nə deyə bilərsiniz? 

– Bu, düzgün fikir deyil. Belə düşünənlər azdır. İnfakt, insult, şəkərli diabet yaxşıdır? Şəkərin verdiyi fəsadları görmüsünüz? Barmaq, ayaq kəsilir. O zaman onkologiya niyə belə qorxuldur? Ölümə qalanda insan tək onkoloji xəstəliklərdən deyil, digər xəstəliklərdən də ölür.

– Xərçəngə tutulanlar arasında 22, 28 il yaşayanların olduğunu qeyd etdiniz. Bu, xəstəliyin sağalma ehtimalı neçə faizdir? 

– Xəstəlik I və II mərhələdə aşkar olunduqda 100 faiz sağalır, III və IV mərhələlərdə isə xəstələrin müalicəsi bir qədər çətindir. Çünki onlar gec müraciət etmiş olurlar. Xərçəng xəstəliyi I və II mərhələlərdə də hiss olunur. Gərək vaxtında həkimə müraciət edəsən. Deyirik ki, qadınlar 35-45 yaşından sonra mamaqrafiya elətdirsin. Ola bilsin ki, qadın hiss etməsin, amma aparat xəstəliyi aşkar edir. Böyük mobil maşınlarımız var. May ayından avqustun sonuna qədər insanlar arasında gəzib profilaktik baxış keçiririk. Müayinələr zamanı xəstəliyin I və II mərhələlərdə olanları da, digərlərini də aşkar edirik. Xərçəng xəstəliyi əsasən III və IV mərhələlərdə aşkarlanır. Bu, insanların yoxlanılmaması ilə əlaqədardır. Tək bizdə deyil, bütün dünyada belədir. Amma I və II mərhələlərdə xərçəng xəstəliyinin aşkarlanması halları nisbətən artıb.

– Uşaqlarla bağlı vəziyyət necədir?

– Uşaqlarda müalicə daha asan aparılır və müalicə qısa zamanda nəticə verir. Sadəcə qeyd etdiyim kimi insanlar arasında maarifləndirmə işi aparmaq lazımdır. Hazırda bizdə onkologiya ilə bağlı 632 uşaq qeydiyyatdadır. Uşaqlar arasında onkoloji xəstəliklərin sırasında əsasən embrional şişlərə rast gəlinir. Yəni ruşeym qoyulandan inkişaf edən embrional şişlərə daha çox təsadüf edilir.

-İnsanlar onkoloji xəstəlikdən müalicə almaq üçün daha çox xarici ölkələrə üz tuturlar. Buna səbəb nədir, yerli həkimlərə güvənmirlər?

– Doğrudur, onkoloji xəstəliklərin müalicəsi üçün xaricə üz tutanlar var. Vəziyyət əvvəlki kimi deyil. Bizim “qonşudan geri qalma” prinsipimiz var. Əvvəl-axır qayıdıb bura gəlirlər. Bizdə aparılan müalicə Avropa və ya Amerikadan geri qalmır. Çünki biz Avropa, Amerika protokolları ilə işləyirik. Müalicə taktikası həmin yerlərdə necədirsə, bizdə də belədir.

Şiş onkoloji xəstəliklərinə tək insanlarda deyil, bütün canlı aləmdə rast gəlinir. Heyvanat aləmində, bitki aləmində də var. İnsanlarda ona görə çoxdur ki, təkamül, şüur var. Milayrd illər əvvəl yaşamış dinozavrların sümüklərində qazıntılar zamanı şiş xəstəlikləri aşkar olunub. Əgər o boyda heyvanın sümüyündə aşkar olunubsa, insanda aşkar olunmağa nə var ki? Ağaclarda da var, tacabənzər fır həmin şiş xəstəliyidir. Bu, təbiətin xəstəliyidir. Xəstəliyin dərmanını təbiətdə axtarmaq lazımdır.

Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az