Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqresinin ilk günü uşaq ortopediyasına həsr edilib
Aprelin 20-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təşkilatçılığı ilə Bakıda Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqres öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konqres iştirakçıları əvvəlcə türk dünyasının böyük övladları – Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Konqresin həmsədrləri – Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, professor İlqar Qasımov və Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin nümayəndəsi, Türkiyənin “ Baltalimanı” xəstəxanasının baş həkimi, professor Vedat Şahin çıxış edərək tədbirin türk dünyası üçün əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, konqresin təşkili ümummilli lider Heydər Əliyevin “Bir millət – iki dövlət” kəlamını bir daha təsdiqləyir.
Diqqətə çatdırılıb ki, tədbirdə türkdilli ölkələrdən 80-dən çox məşhur ortoped və travmatoloq iştirak edir. İki gün ərzində keçiriləcək konqresdə müvafiq sahə üzrə dünya praktikasındakı yeniliklər haqqında geniş informasiya veriləcək. Bilik və cərrahi vərdişləri bir araya gətirmək cəhdi travmatoloqlara nəzəriyyəni təcrübədə tətbiq etməyə və sınıqların müalicəsində daha yaxşı nəticələr qazanmağa imkan yaradır.
Konqresin uşaq ortopediyasına həsr edilən birinci günündə travmalar, onların yaranması, anadangəlmə qüsur və digər məsəllər müzakirə edilib. Tədbirin ikinci günündə hərəkət funksiyalarının bərpası məqsədilə oynaqların patologiyasının operativ müalicə metodları müzakirə olunacaq.
Konqresin keçirilməsinin əsas məqsədi diaqnostika sahəsində təcrübə mübadiləsi aparmaq, cərrahi müdaxilənin optimal yollarını müəyyənləşdirməkdir. Tədbir tematik sessiyalarla davam edib. İlqar Qasımov, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun professoru Qələndər Canbaxışov və başqa ekspertlər ağır sümük zədələrinin müalicəsində öz təcrübələrini bölüşüblər.
Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqres aprelin 21-də başa çatacaq.