Berlində 15 nəfəri öldürən həkimin məhkəməsi başladı

Bazar ertəsi Almaniya paytaxtında ən azı 15 xəstəni öldürməkdə ittiham olunan palliativ yardım həkiminin məhkəməsi başlayıb.
Oxu.Az AFP-yə istinadən xəbər verir ki, işə 28 yanvar 2026-cı il tarixinədək 35 dinləmə təyin edən Berlin Regional Məhkəməsində baxılır.
Müstəntiqlərin fikrincə, 40 yaşlı kişi 2021-ci ilin sentyabrından 2024-cü ilin iyuluna qədər xəstələri anestetik və əzələ ralaksantı iynəsi vurmaqla öldürüb. İynə tənəffüs əzələlərinin iflicinə, sonra isə dayanmasına və ölümə səbəb olub. İlk və ən gənc qurbanın 25, ən yaşlısının isə 94 yaşı olub. Hazırda hüquq-mühafizə orqanları daha 75 şübhəli halı yoxlayır, buna görə də qurbanların daha çox ola biləcəyi istisna edilmir.
Prokurorluq hesab edir ki, həkim köməksiz vəziyyətdə olduğunu bildiyi insanları öldürməklə “alçaq motivlərdən” çıxış edib. Şübhəli şəxs 2024-cü ilin avqust ayından istintaq təcridxanasındadır.