BƏƏ-də koronavirusa ilk yoluxma halı qeydə alınıb
Bakı, 29 yanvar, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusa ilk yoluxma halı qeydə alınıb. AZƏRTAC Emirates informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin Səhiyyə və Profilaktika Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, koronavirus xəstəliyi Çinin Vuhan şəhərindən qayıdan BƏƏ vətəndaşında aşkar edilib. Nazirlik əlavə edib ki, “virusa yoluxmuş şəxsin vəziyyəti sabitdir və o, xəstəxanada izolə olunmuş palatada nəzarət altındadır”. Eyni zamanda, nazirlik qeyd edib ki, xəstəliyin qarşısının alınması məqsədilə elmi təlimatlar nəzərə alınır, Dünya Səhiyyə Təşkilatı ilə sıx əlaqə saxlanılır. “Ölkədə koronavirus xəstəliyinin qarşısının alınması ilə bağlı vəziyyət tam nəzarət altındadır”, -deyə məlumatda vurğulanır. Əlavə edilib ki, BƏƏ-də fəaliyyət göstərən epidemioloji təhqiqat mərkəzləri vətəndaşların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə 24 saat çalışır.