“Bazar ertəsi sindromu” və ondan xilas olmaq yolları

Bakı, 30 may, AZƏRTAC

Həftənin beş və ya altı günü işləyənlərin əksəriyyəti bazar günü axşam başlayan pis əhvali-ruhiyyə və olduqca gərgin bir stresə qarşı mübarizə aparır. Mütəxəssislər bunu “bazar ertəsi sindromu” adlandırırlar və etiraf edək ki, bundan əziyyət çəkənlər çoxdur. Hətta belə bir deyim də var: “Bazar günü gözəldir, istirahət etmək əladır, intəhası, sabah yenə başlanacaq iş gününü gərginliyi kefimizə soğan doğrayacaq”.

Aparılan tədqiqatlara görə, ən peşəkar və uzun illərin təcrübəsinə malik olanlar da həmin sindromdan yaxa qurtara bilmirlər. Psixoloqlar hesab edirlər ki, bazar ertəsi sindromundan qurtulmaq lazımdır və bu, çox vacibdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a deyib: “İlk baxışda istirahət günü hər şey gözəldir, Günəş şüaları ətrafa şəfəq saçır, quşlar cəh-cəh vurur, insan özünü rahat, qayğısız hiss edir və yəqin ki, belə istirahəti heç kim qaçırmaq istəməz. Lakin beyinlərdə dolaşan və insana rahatlıq verməyən sabah başlanacaq iş günü, yeni iş həftəsi ovqatı təlx edir. Həmin sindromdan əziyyət çəkənlər bazar günü istirahətini maksimum dərəcədə uzatmağa çalışırlar”.

Növbəti iş həftəsinin yükü vahimə kimi onların üstünə çökür. Bazar ertəsi günləri isə əksər işçilərin əmək qabiliyyəti azalır və əhvalı pozulur. Hər bazar ertəsi stres altında işə getmək neqativ ovqat yaradır. Yorğunluq, narahatlıq və ovqatsızlıq halları yaşanır. Mədə bulanması, ürək döyüntüsü əlamətləri də ola bilər. Həmin əlamətlər depressiyaya kimi bir çox psixoloji problemlərin yaranmasına şərait yaradır.

Psixoloq bildirib: “Əslində bazar ertəsini böyük bir faciəyə çevirmək lazım deyil. İlk növbədə əl-ayaqda ilişib qalan işləri vaxtında həll etmək lazımdır. Ümumiyyətlə, məişət, alış-veriş, qonaqgetmə və s. kimi məsələlərin çoxunu bazar gününə saxlamaq düzgün deyil. Həmin gün zehni və fiziki cəhətdən dincəlmək daha vacibdir. Bazar ertəsi günləri bir qədər fəallıq göstərmək lazımdır. Həmin gün iş yerinə ən gözəl geyimlərdə getmək, hamıya xoş üz, xoş sima göstərmək, sakit davranmaq köməkçi faktorlardan sayılır. Beləliklə, performans həmin günün ilk iş günü olmasını demək olar ki, unutdurur. Digər tərəfdən şəxsi həyatdakı bəzi problemləri də “bazar ertəsi sindromu”na gətirib çıxara bilər. Bazar ertəsi işdən sonra bir qədər kənar yerdə istirahət etmək məsləhətdir. Xoş ovqatda keçən bazar ertəsi axşamları əhəmiyyətli rol oynayır və həftənin ilk iş gününə olan antipatiyanı unutdura bilir. Bazar günü səhər oyanan kimi gülümsəmək, yataqdan qalxandan sonra kiçik bir səhər idmanı ilə əzələləri hərəkət etdirmək ovqatı yaxşılaşdırır. Yuyunduqdan sonra bütün ailə üzvləri ilə süfrə arxasında əyləşmək səhər ovqatını gücləndirən vasitələrdən biridir. Lakin həmin vaxt bazar ertəsi günü haqqında qətiyyən fikirləşmək lazım deyil. Ailə üzvləri, dostlarla bir yerdə gəzintiyə çıxmaq ovqatı yaxşılaşdıran, xoş əhval yaradan səbəblərdəndir. Televizor önündə çox vaxt keçirməkdən qaçmaq, həmin gün yatağa tez uzanmaq lazımdır. Necə deyərlər, bazar ertəsi gününü düşünmədən istirahət gününü yaşamaq lazımdır”.

Son vaxtlar aparılan tədqiqatlar çərşənbə axşamın daha ağır iş günü olduğunu aşkar edib. Bazar ertəsi gününün isə adı çıxıb…