Baş mama-ginekoloq: “Çəkisi 500 qram, boyu 25 santimetrdən çox olan uşaqlar...”-VİDEO

“Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərinə görə, hamiləliyin 22-ci həftəsindən 28-ci həftəsinədək doğulan, çəkisi 1 kiloqramdan aşağı, ekstremal az çəkili uşaqların 60-70 faizi erkən neonatal dövrdə ölür. Qalan 30 faizdə isə inkişaf ləngiməsi, eşitmə, görmə problemi, uşaq iflici, ağciyərlərin xəstəlikləri qeydə alınır, fəsadlar yaranır. Amma onların içində az sayda olsa da, uşaqlar sağlam şəkildə yaşayırlar”.

Bunu e-tibb.az-a Səhiyyə Nazirliyinin Baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, Azərbaycanda vaxtından əvvəl doğulan, az çəkili uşaqların yüksək ölüm səviyyəsinin aşağı salınmasında bir sıra nailiyyətlər qeydə alınıb. Bu nailiyyətlər perinatal konsepsiyaya uyğun şəkildə doğuşa yardım xidmətinin göstərilməsi nəticəsində əldə olunub.

2009-cu ildən başlayaraq Azərbaycanda doğuşayardım xidmətinin perinatal konsepsiyaya  uyğun aparıldığını vurğulayan S. Məmmədova bunun vacib bir addım olduğunu açıqlayıb: “Çünki 2009-cu ilə qədər hər bir qadın müddətindən asılı olmayaraq doğum evlərinə müraciət edirdi və orada müasir avadanlıqlar, xüsusi hazırlanan kadrlar olmadığına görə, neonatal ölüm faizi çox yüksək idi. 2009-cu ildə perinatal mərkəzlər yaranandan sonra biz xüsusiləşdirilmiş yardım göstərməyə başladıq. O dövrdən başlayaraq Azərbaycanda doğuşayardım müəssisələri 3 səviyyəyə bölünüb. Normal – 37-ci həftəsi tamam olan və ondan sonrakı müddətdə olan, heç bir problem qeydə alınmayan hamilə qadınlar birinci səviyyəli, yəni adi doğum evlərinə müraciət edərək azad ola bilirlər.

Ölkədə 18-ə yaxın ikinci səviyyəli doğuşa yardım müəssisi var. Onlara hamiləliyinin müddəti 35 həftədən 37 həftəyədək olan qadınlar müraciət edir. Bu müəssisələr həm xüsusi avadanlıqlarla təmin olunub, həm də orada ixtisaslaşdırılmış kadrlar çalışır. Orada vaxtından əvvəl doğulan uşaqlara, eləcə analara göstərilən xüsusi yardımla ana-uşaq ölümlərinin qarşısını almağa  nail olunur.

Ölkədə mövcud olan 3-cü səviyyəli 10 doğuşa yardım müəssisəsində isə ana və uşaqlara yüksək ixtisaslı mütəxəssislər tərəfindən xüsusi avadanlıqlar, texnologiyalardan istifadə edərək yardım göstərilir. Bu müəssisələrin fəaliyyəti nəticəsində ana və uşaq ölümlərinin sayını bir neçə dəfə azaltmaq mümkün olub”.

Onun sözlərinə görə, 10 doğuşayardım müəssisəsi xüsusi avadanlıqlarla yanaşı bahalı dərmanlarla da təmin olunub: “Əhali bunları bilməlidir. İnsanlarımız çox zaman özəl klinikalara müraciət edir, hər hansı bir problem yarananda, artıq onların depozitə qoymağa pulu olmayanda dövlət müəssisələrinə gəlirlər. Amma çox təəssüf ki, onlar elə ağır vəziyyətdə müraciət edirlər ki, xeyli vaxt, maddi vəsait sərf olunur. Ona görə də hər bir qadın, hər bir kəs hamiləliyin müddətindən asılı olaraq hansı doğum evinə müraciət etməyin lazım olduğunu bilməlidir”.

Baş mama-ginekoloq xatırladıb ki, 2015-ci il yanvarın 1-nə qədər Azərbaycanda uşaqların diri doğulma meyarları fərqli olub, hamiləliyin müddəti 28 həftədən çox olan, 1 kiloqram çəkidə doğulan uşaqlar diri doğulmuş sayılıb: “Amma o dövrdən sonra biz yeni standarta əsaslanırıq. Yəni artıq 28 yox, 22 həftədə doğulanlara diri doğulan deyirik və çəkisi 500 qram, 500 qramdan yüksək, boyu 25 santimetrdən çox olan uşaqlara diri doğulma meyarı ilə yanaşırıq, xüsusi yardım edərək onların yaşamasına nail oluruq.

2015-ci ilə qədər hər il ölkədə çəkisi 500 qramdan 1 kiloqramadək olan 200-300 uşaq doğulsa da, onların çox azı sağ qalırdı. Amma qeyd etdiyim 10 müəssisədə olan xüsusi avadanlıqlar-2 divarlı küvəzlər, ağciyər ventilyasiya aparatları, eləcə də bahalı dərmanlarla təminat, mütəxəssislərimizin xaricdə təkmilləşmələri sayəsində əksər hallarda həmin uşaqların yaşamasına nail oluruq”.

https://youtu.be/sZgd_dtKlMY