Baş ağrıları və onun formaları
Bakı, 2 iyun, AZƏRTAC
Gündəlik həyatda müxtəlif problemlərlə üzləşirik. Gərginlik, stres, yorğunluq baş ağrılarına səbəb olur. Lakin bəzi hallarda bu ağrılar tez-tez və şiddətli olur. Hətta ağrının səbəbini beyində baş verən proseslərdə axtaranlar da var. Lakin mütəxəssislər bildirirlər ki, beyin toxumasında ağrı reseptorları olmur. Baş ağrıları isə boyunda yerləşən əzələ, sinir, damar və selikli qişanın qıcıqlanmasından qaynaqlanır.
AZƏRTAC xəbər verir ki, həkim-nevropatoloq Arzu Məhərrəmova deyib: “Birincili baş ağrıları, gərginlik və miqren gündəlik həyatda rast gəldiyimiz baş ağrı tipləridir. Baş ağrılarının meydanaçıxma vaxtına, nə qədər davam etdiyinə, əvvəlki baş ağrılarından fərqliliyinə, müalicəyə tabe olub-olmamasına, hansısa xəstəliyin bir parçası olaraq başladığına diqqət yetirmək lazımdır”.
Onun dediyinə görə, ikincili baş ağrılarına kəllə-beyin travmaları, göz xəstəlikləri, beyin şişləri kimi hallar səbəb ola bilər: “Qəfildən ortaya çıxan şiddətli baş ağrıları olduqda damar ikilənməsi deyilən halı nəzərdən qaçırmaq olmaz. Şiddətli baş ağrısı heç baş ağrısı olmayanlarda da yarana bilər, daimi ağrısı olanlarda da. Lakin bu, əvvəlki ağrılarla üst-üstə düşməyib tamam fərqli xarakter də daşıya bilər. Başda bulantı, qusma, görmədə dəyişiklik, fərqli əlamətlərlə birlikdə olduqda gecikmədən həkimə müraciət edilməlidir ki, vaxtında diaqnoz qoyub müdaxilə etmək mümkün olsun”.
Baş ağrıları ətraf mühitin təsiri, havanın nəmliyi və mövsümü də ola bilər. Buna daha çox yaz və yay aylarında rast gəlinir. Ağrıları aradan qaldırmağın müxtəlif yolları var. Dincəlmək, bol maye qəbul etmək, təmiz havada gəzmək və qan dövranını yaxşılaşdırmaq üçün isti su ilə islatma qoymaq əsas tövsiyələr sırasındadır.