Bakıda V Azərbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcək

Bakı, 29 aprel, AZƏRTAC

Mayın 3-5-də Azərbaycanda Milli Onkologiya Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycan Alman Tibbi Əməkdaşlıq Cəmiyyəti və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti tərəfindən onkologiya, qastroenterologiya, cərrahiyyə, radiologiya, ginekologiya, intensiv terapiya və tibbin bir sıra digər sahələrinin aktual problemlərinə həsr olunmuş beynəlxalq səviyyəli V Azərbaycan-Alman-Türk Tibb Konqresi və V Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək.

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümovun AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, konqres zamanı referent qismində Almaniya, Türkiyə, İsveçrə, Avstriya və Ukraynanın tanınmış universitet klinikalarında çalışan 20-dən çox mütəxəssis tərəfindən oxunulacaq mühazirələrlə yanaşı həm də interaktiv diskussiyalar, ağır kliniki halların müzakirəsi keçiriləcək.

Konqreslə yanaşı laparoskopik və açıq cərrahiyyə, ginekologiya, endoskopiya, radiologiyaya həsr olunmuş təqribən 300 nəfərə qədər iştirakçının cəlb ediləcəyi V Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək. Treninqlər Avropada Davamlı Tibb Təhsili və Mütəxəssislərin hazırlanması məqsədilə istifadə olunan ən müasir tədris proqramları və treninq protokolları əsasında mulyajlardan və xüsusi simulyatorlardan istifadə edilməklə canlı heyvan orqanları üzərində aparılacaq. Konqres və treninqlərdə referent, moderator və trener qismində Avropanın universitet klinikalarında çalışan və beynəlxalq trener statusu olan professorlarla yanaşı azərbaycanlı mütəxəssislər də iştirak edəcək və xarici həmkarları ilə bilik, təcrübə mübadiləsi aparacaqlar. Konqres və treninqlərlə yanaşı Milli Onkologiya Mərkəzi, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, ET Mama-Ginekologiya İnstitutu və bir sıra digər klinikalarda ginekologiya, radiologiya və endoskopiya sahələri üzrə ustad dərslərinin keçirilməsi də planlaşdırılır.

Konqres və treninqlərdə iştirak etmək üçün Azərbaycan, Özbəkistan, Rusiya, Ukrayna və Türkiyədən 800-ə yaxın iştirakçı rəsmi qeydiyyatdan keçib.

Tədbir Avropa Davamlı Tibb Təhsili İnstitutları və Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 30 CME balı ilə qiymətləndirilib.