Bakıda uşaqlarının həyatını təhlükəyə atan valideynlər - NİİM çağırış etdi

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müşahidə kameraları vasitəsilə məktəbətrafı yollarda aparılan təhlillər göstərir ki, bəzi valideynlərin məsuliyyətsiz davranışı azyaşlıların yollarda təhlükəsizliyinə mənfi təsir göstərir. Övladlarını məktəbə aparmaqla vəzifələrinin bitdiyini zənn edən bir qisim valideyn bəzən qaydalara məhəl qoymadan övladları ilə birgə yolu keçərək məktəblilərdə yanlış nümunə formalaşdırır”.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin NİİM-in müraciətində qeyd olunub.

Müraciətdə bildirilib ki, bu cür davranışlar azyaşlıların tək olduqları zaman da eyni qayda pozuntularını təkrarlamasına və nəticədə təhlükəli situasiyaların yaranmasına, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

“Belə halların qarşısını almaq üçün valideynlərdən xahiş olunur ki, övladlarına yollarda təhlükəsiz davranış qaydalarını izah etsin və gündəlik həyatda bu qaydalara əməl etmələri üçün onlara nümunə olsunlar. Xüsusilə piyada keçidlərindən düzgün istifadə, işıqfor siqnallarına riayət və yolu keçərkən ətrafı diqqətlə müşahidə etməyin əhəmiyyəti azyaşlılara aydın formada çatdırılmalıdır.

Unutmayaq ki, uşaqlar ilk növbədə valideynlərinin davranışını təkrarlayırlar. Qaydalara uyğun hərəkət etmək isə onların təhlükəsizliyinin və sağlam gələcəyinin təmin olunması deməkdir”, – deyə müraciətdə qeyd olunub.

https://baku.tv/dunyaa/bakida-usaqlarinin-heyatini-tehlukeye-atan-valideynler-niim-cagiris-etdi